Sunday, June 12, 2011

"Yaşayış sahəsinin paylanması üzrə komissiyaya ərizə" N.Dumbadze

            Yaşayış sahəsinin paylanması üzrə komissiyaya
vətəndaş N.Dumbadze tərəfindən çox da orijinal olmayan

ƏRİZƏ

Nəzərinizə çatdırıram ki, mən yumoristəm, daha doğrusu yumorist idim, çünki hal-hazırda heç zarafat etmək və gülmək həvəsində deyiləm.
Bir neçə il bundan əvvəl mənə bir yumorist kimi, iki uşaq atası və əlbəttə ki ailəli birinə heç bir təmənna olmadan və lütfkarlıqla ixtiyarıma verdiyiniz lociyalı və eyvanlı üç otaqlı mənzilimi təhvil almanızı xahiş edirəm. Beləcə, xahiş edirəm mənzilimi qəbul edin.
Düşünməyin ki, nankoram.
Düşünməyin ki, tavanın hündürlüyü məni qane etmir.
Və ya ona görə narazıyam ki, döşəmənin qabarıqlığı məni və qonşumu onun başına nə vaxt düşəcəyimi güman etməyə vadar edir.
Və ya ona görə ki, birinci mərtəbədəki pıçıltı səsi bizə gurultu kimi gəlir.
Və ya ona görə ki, yağış yağanda lociyada hərbi-dəniz təlimləri keçirmək olar.
Və ya ona görə ki, kartondan düzəldilmiş qapılar soyğunçuluq üçün birbaşa təhrikdir.
Və ya ona görə ki, poçt qutularına heç nə sığışdırmaq, sığışdıranda da çıxarmaq olmur.
Və ya ona görə ki, qaraj tikdirməyimə icazə vermədilər.
Və ya ona görə ki, qonşulardan kiminləsə yola getmədim. Yox.
Soruşa bilərsiniz ki - bəs məsələ nədədir? Deməli, məsələ bundadır. Bizim həyətdə bir sürü uşaq oynayır və böyüyür. Onların arasında mənim kiçik qızım da var. Bax budur, buna tamaşa etməyə taqətim yoxdur. Mənə rəhminiz, arvadıma isə yazığınız gəlsin.
 Hər gün eyvanlarından boylanmış anaların öz övladlarına müraciətlərini eşidən uşağın halı necə olar:
- Luiza, Qalx yuxarı, ana! Yumurta ilə dünən atanın sürücüsü gətirən kürüdən ye, altı kilonu harasa eləmək lazımdır axı. Sonra isə sevdiyin yunan zeytunları, meksika ananası, ya da türk halvası ilə ispan portağalı var... Ondan sonra yenə düşərsən, qızım, bütün həyətdə tayı-bərabəri olmayan gözəlim...
Və ya:
- Nunuka! Qalx,qızım. Axı atanın dissertasiyasının parlaq və yekdilliklə qəbul edilən müdafiəsindən və bu şərəfə verilən möhtəşəm ziyafətdən sonra, akademik atana deyəndə ki, onun xidmət etdiyi xalq xoşbəxt xalq olmalıdır, həmin akademikin arvadı bizə çox qəşəng xaricdən gətirilmiş bonbonyerka hədiyyə edib söylədi ki, bizim kimi gözəl ailə ilə tanış olduğuna görə Tanrıya şükür edir. Odur ki, yuxarı qalx, qızım, şokoladla çay iç, sonra yenə düşərsən, axı bir azdan Braziliyaya putyovka ilə bağlı Moskvadan zəng edəcəklər və mən də aşağı düşə bilmərəm, üstəlik əynimdə ev paltarıdır, yapon xələti...
Və ya:
- Merabik! Qalx, ingilis dilini hazırla, yoxsa tezliklə fransız dili müəllimən gələcək və biz alman dili müəlliminin yanına getməyi çatdırmayacağıq. Mən də ona kimi ”Steynvey” və mebelin tozunu silim, bilirsən axı karel tozağacı xüsusi qulluq tələb edir. Bir də atana zəng eləməliyik ki, maşını göndərsin, norka kürkü almağa gedəcəyik, yoxsa qaragüldə daha heç kim gəzmir. Qalx, oğlum, sən axı hamı tərəfindən hörmət edilən valideynlərini çox istəyirsən!
Və ya:
- Qulsunda! Oynadın, bəsindir. Atanla yeni əcnəbi filmin tamaşasına gecikirik. Bütün Gürcüstana cəmi dörd dəvətnamə yollayıblar və atan onlardan üçünü götürməkdən imtina edir, yadındadır, keçən il ona zorla dövlət mükafatını götürməyi məcbur etdilər. Di, tez ol, artıq zəng edib gəlməyimizi xahiş edirlər, hamı yığışıb və böyük ekranlara əlbəttə ki çıxmayacaq bu gözəl filmin tamaşasına bizsiz başlamırlar.
Və ya:
- Qiviko! Neçə dəfə deyərlər, keçən il atan haqqında – onun tək Gürcüstan hüdudlarında deyil, üstəlik demokratik ölkələr də daxil olmaqla, həm də bütün İttifaqda necə ən istedadlı yazıçı olduğu, kitablarının necə bütün dillərdə nəşr olunması haqqında - televiziya verilişi getməmişdən bir gün əvvəl xəstələndiyin kimi xəstələnmək istəmirsənsə, belə qaçma. Necə ki, İntervidiniyadan yayımlanmalı olan verilişdən bir gün əvvəl atan səninçün Avstraliyadan dərman gətirməli və hələ öz yol təəssüratları ilə birinci proqramda bölüşməli olmuşdu... Eşidirsən, oğlum, çox qaçma!
Və bu zaman mənim arvadımın səsi  hamısının sözünü kəsir:
- Qızım, qalx yuxarı!... Eşidirsən, Ketino? Atan yenə “lül-qənbər” gəlib, şalvarını əynindən çıxara bilmirik!
- Hə, necədir?
Yuxarıda deyilənlərdən irəli gələrək, ailəmin bütövlüyünü qorumağınızı və mənzilimi təhvil almanızı xahiş edirəm. Özüm isə həyətsiz, lociyasız, pəncərə-qapısız və ən əsası qonşularsız bir ev tutacam, ora qapanıb nəyin nə yerdə olduğuna özüm baxacam.


Tərcümə: S. Məmmədova

No comments:

Post a Comment

Followers