Sunday, June 26, 2011

Ehsan

Ehsan
Ehsanın ölünün şərəfinə verilmiş hazırlıqsız ziyafət olduğunu zənn edirsinizsə, çox yanılırsınız. Elə şey olmur.
Bilmirəm böyük Saba bu sözü necə təfsir edir, amma Quriyada ehsan olduqca çox şey deməkdir.
Görünür, Cəbrailin özü adamların əsasən gecələr canlarını tapşırmasının qeydinə qalmışdır. Aqata nənədə də belə oldu.
Mən onda kənddə idim və yas mərasimində iştirak edirdim.
-         Nə olub, Vikentiy, qoca nədən keçinib?
-         Əşi, heç nə, yatıb bir də durmayıb.
-         Demək, öz-özünə?
-         Yox, həkimlər də bir az kömək olublar.
Elə qapının kandarından keçmişdik ki, bizi də dərhal Aqata ilə birgə yad etdilər:
-         O-o, bəxtsiz Aqati, dur, bax gör kim gəlib, o-oooo!
Düzü, Aqata bizimlə zərrə qədər də maraqlanmadı və heç qalxmağı ağlına belə gətirmədi. Mərsiyə oxuyanlar xoru darvazanın yanında toplaşdılar.
-         Niniçka! Lənətə gələsən səni!... Başla da, saçlarını yol, ağla! – kimsə xatırlatdı.
-         Vay, vay! Gör hansı günə gəlib çıxdım! Gözlərim nələr görür! Aqata-a-aa! İndi kim həyətimə baş çəkib “Necəsən, gözəlim Niniçka?” deyəcək! O-oo, inana bilmirəm, inanmıraaaaaam!
-         Dayan görək, arvad! Yaşamağına inanmaq olmurdu, ölümünə necə inanmayasan, - bir kişi ağı deyənin qolundan tutub sözünü kəsdi.
Yasa hazırlıq işlərini müşahidə etməyə başladım. Nəhəng qazanlarda lobya qeyzlə qaynayırdı. Mamalıqa fısıldayıb şişirdi. Qaynayan suda dana üzürdü. Üç yüz nəfərlik masa isə pendir, kürü, çapaq balığı, göy-göyərti, vineqret, turşular, ədviyyatlar, şərab, araq – bir sözlə, toylarda olan hər şeylə - bəzədilmişdi. Mərasimə təşrif buyuranlar öz aralarında boğuq səslə danışırdılar.
-         Bəs sonra, Beso?...
-         Sonra soruşuram: Aqati nənə, yenə də neçə yaşın var? Deyir, deməli Çinədan Asalo qaçaqlığa başlayan ili mən ikinci dəfə ərə getmişdim.
-         Nədir, Çinədan indi onun yaş kağızıdır?
-         Bunu sənə deməyəcəm, amma məncə, qarı dünya görmüş qarğa ilə yaşıd olar.
-         Bir bax, elə uzanıb, sanki tər qızılgüldür... Elə bil yatır...
-         Ürək xəstələrində belə olur...
-         Hə, gərək hər şeydə bəxtin ola...
Bu arada, otaqda hələ də Aqati nənəni dilə tuturdular ki, ayağa dursun: “Qalx ayağa, bir söz de, hələ vaxt var, dəfnə hələ dörd saat qalıb...”
Başqa bir qrupa qoşuldum.
-         Ümumi götürəndə isə, çox məsrəf oldu, Mixako...
-         Bu pulları və yeməkləri vaxtında özünə versəydilər, bir neçə il yaşayardı... Zavallı hələ indi yadlarına düşüb.
-         Oğlu amma savadlıdır, yenə də necə nankordurlar hamısı.
-         Yaxşı ki, hələ bu gün gəlib çıxıb.
Çox keçməmiş hamını süfrəyə dəvət etdilər və başlandı.
Aqati nənə hövsələ ilə gözləyirdi.
Beşinci stəkanda xatirələr gəldi:
-         Yadınıza gəlir? Kim çay toplayan Aqatini xatırlamır?
-         Otur, Rajden, qarışdırma...
Rajden oturdu.
-         Məlum olduğu kimi, qarğa üç yüz il yaşayır, – digəri ayağa qalxdı.
-         Bunu sənə kim deyib?
-         Dayanın, o, bizim üç yüz il yaşadığımızı iddia edir, qarğanın buna nə dəxili var?
-         Kimə qarğa dedin?
-         Əl çək ondan, kənd həkimidir...
-         Qoy getsin əvvəl özünü sağaltsın!...
Aqati nənə isə hələ də gözləyir. Onun üçün günəş sonuncu dəfə asta-asta qürub edir. Həyətdə isə şərabın təsirindən azmış qəlblər dolaşır.
 Sonra nənə nəhayət kiminsə yadına düşdü. Tabutu həyətə qoydular. Teleqramları oxumağa başladılar.
-         Yoldaşlar, 1004-dən çox teleqram gəlib: Moskva, Odessa, Volqoqrad, Kiyev, Leninqrad, Xarkov, Sevastopoldan...
-         Qulaq as, bəs Tiflisdən?
-         Ts-s-s!...
-         Unudulmaz Aqatinin faciəli ölümü ilə bağlı dərin hüzn içindəyik, başınız sağ olsun, sizinlə bir ağlayırıq Makari Tariel Eprisine Vasasi Pedosi Abeli Filipe Kseniya Kirile Heronti Domenti Mixako İnqirokva.
-         Təbrik edirik, xoşb...
-         Biabır olduq, bu teleqramı bura hansı axmaq gətirib?!
-         Qulaq as, nə qədər ki “горько” qışqırmayıblar oxumağı qurtar.
Aqati təmkinli idi. Günəş gözdən itdi. Rəsmi olaraq axşam düşdü.
-         Katse, nəyi gözləyirik, qəbiristana özü gedəsi deyil ki!
-         Nə olub ki?! Qoy səhərədək doğma çırağında qalsın. Sabah basdırarıq...
-         Sabah sənin özünü basdıracağıq, di tut tabutdan! Götürdük... B-bir... Geri qalmayın, düz gedin... Ey, hara getdin, darvaza o tərəfdə deyil!...
-         Qarıcığaz ağırdır!...
Yol boyu tabutu aparanların bir neçə dəfə ayaqları ilişdi, iki dəfə nənəni yerə saldılar və uzun-uzadı onu yerinə qoymağa çalışdılar. Nəhayət, güc-bəla ilə qəbiristanlığa gəlib çıxdılar.
            Qəbirqazanlar tabutu kəndirlə bağlayan arada ən fəal dərdlilərdən biri qəbirə düşdü:
-         Aqati, ümid edirəm indi deməyəcəksən ki, səni çox istəmirik. Görürsən, Rajden hətta sənin ardınca gəlməyə hazırdır, -  beləcə nənəyə sonuncu dəfə müraciət etdilər, bununla da hər şey başa çatdı.
Həmin gecə babamla buxarının qabağında oturmuşduq, qabağımızda şərab şüşəsi, aram-aram içirdik.
-         Ambako baba, bizim yas mərasimləri haqda nə deyə bilərsən?
-         Ölü özünə hörmət tələb edir. Biz də bunu bacarırıq. Düzdür, hər şey qədərində olsa yaxşıdır.
-         Axı bütün bu ehsanlara, mənasız pul xərcləmələrinə son qoymaq vaxtıdır.
-         Allah canını sağ eləsin, oğul, biz hələ 1913-cü ildə bu haqda kənd toplantısında danışmışdıq, sonra “Səhər” kutaisi qəzetinə yazmışdıq, nə faydası...
-         Nə haqda yazdığınız yadındadır?
-         Nəinki yadımdadır, hətta əzbər bilirəm! – babam canlandı və başladı: - “Toplantı mərhumun ailəsi üçün ağır yük olan düşünülməmiş məsrəfləri pisləmiş və ancaq başqa quberniyalardan gələnləri yedirib-içirməyi, yerli sakinlərə isə ölünün ailəsinin payını yeməyi qadağan etməyi  qərara almışdır. Qətnamədə şərti pozanların 50 rubl məbləğində cərimə ilə cəzalandırması nəzərdə tutulmuşdur...”
-         Və şərt necə oldu?
-         Sən Allah, oğul, əgər bu şərt qüvvəyə minmiş olsaydı təkcə Rajdenin cərimələrinə milyon bəs etməzdi.
-         Həəəə...
-         Həəəə...
-         Allah yazıq Aqataya rəhmət eləsin! – Ambako babam sakitcə deyərək qədəhini qədəhimə vurdu.
-         Rəhmət eləsin! – razılaşıb içdim.
Hava işıqlanırdı. Aqatinin evindən süfrə başında oxunan “Uzun illər” nəğməsinin ahəngsiz sədaları gəlirdi.


 Nodar Dumbadze 

No comments:

Post a Comment

Followers