Monday, November 11, 2013

"Seçim"

Ət yoxsa toyuq?
Çay yoxsa qəhvə?
Bulud yoxsa günəş?
Mr. Collins yoxsa Mr.Darcy?
Hər-şey-zəhmətlə yoxsa lotereyada-uduş?
Məsafə yoxsa zaman?
Ümid yoxsa səbir?
Kədər yoxsa sevinc?


Üzr istəyirik, toyuq yoxdur.
Üzr istəyirik, qəhvə yoxdur.
Üzr istəyirik, günəş yoxdur.
Üzr istəyirik, Mr. Darcy yoxdur.
Üzr istəyirik, lotereyada-uduş yoxdur.
Üzr istəyirik, zaman yoxdur.
Üzr istəyirik, səbir yoxdur.
Üzr istəyirik, sevinc yoxdur.

Sunday, November 3, 2013

Yaddan Çıxmış Qeydlər

Köhnə vərəqlər, leksiya və dəftərlərin içində saralmış vərəqlər tapdım. Beş-altı il əvvəl yazdığım qeyddə bunlar var idi:

Axşam evə gəldik. Nə işıq var idi, nə də su. Yaxşı ki, nənəgildən bir az içməyə su gətirmişdik. Qonşulardan öyrəndik ki, işığımız sayğaca qoşulmadığı üçün bütün xətləri kəsiblər. Qaranlıq, şam işığı (XIX əsr İngiltərə). Heç olar ki, Şəkiyə gələk və bizim şərəfimizə yağış yağmasın?! Yağış bizi 100-200 damcı ilə mükafatlandırdı. Qaranlıqda özümü Ketrin ("Northanger Abbey" Jane Austen) kimi hiss edirdim, səhərin gəlməsini səbirsizliklə gözləyirdim (Ketrin çərşənbəni gözlədiyi kimi) və səhər də öz vaxtında açıldı.

Səhər:  Mama başladı yavaş-yavaş həyəti süpürməyə. Həyətdə alaq otları, gül kolları uzanmışdı. Cumduq həyətin canına. Ayka gülləri budayır, mən də xəzəlləri süpürürdüm. Tökülmüş yarpaq və budaqlardan mini-kurqan əmələ gəldi. Ayka CV-sinə "bağbanlıq" yazmağı qəti qərara aldı. 

İşimizi qurtarana yaxın işıq idarəsinin səlahiyyətli nümayəndəsi gəldi, gördü ki, burda iş çoxdur. Yəni kəsilən xətlərin yerinə yeni xətt qoşmaq lazım imiş. Bu vaxt bizim yuxarıda yaşayan qonşumuz - F. kişi (adını yazsam hamı tanıyacaq, ona görə yazmıram :) ) veteran 41-45, 50-ci illərin superman-i - gəldi. Bu qonşumuz gözümüzü açandan bəri bizdən və digər qonşulardan işıq, qaz, tikinti materialları, nə mümkün olubsa öz şəxsi "ehtiyacları" üçün istifadə eləyib və bizim hesabımıza həmişə işıq/qaz pulu yığanların gözünü və dövlət büdcəsini boş qoyub. 
Biz də işıq idarəsi işçisi ilə əvvəlcədən danışanda demişdik ki, qonşumuz bizdən özünə xətt çəkib və onu açmaq lazımdır. İşıq işçisi isə məntiqi təfəkkürü və Şəkili genlərinin köməyilə başa düşdü ki, dövlətdən insafsızcasına işıq mənimsəyən subyekt onun qarşısında dayanan və xətləri necə çəkməyin daha optimal olduğunu xüsusi canfəşanlıqla qeyd edən müharibə veteranıdır. İşıq inspektoru ilə F. dayı arasında belə bir dialoq baş tutdu:
- Ordan qonşuya işıq xətti gedir, qanunsuz. Bilmirsiz o kimin evidir?
- Hmmm, hansı o sağdakı qonşu? - F. dayı özünü tülkülüyə qoyur və əks tərəfdəki qonşunun evini göstərir.
- Yox, baxın o biri tərəfdə, solda, xətti görmürsüz?
- Aaa, o bağa gedir. A kişi, orda onsuz da tok yoxdu daa, qonşunun bağıdır. Bağda işıq nəyə lazım?
- Kimindir ki, o ev? 
- Eee, bir qonşunun. - bir az keçəndən sonra - bunlarda (bizi göstərir) əvvəl iki faz, bir nol idi. Amma indi deyəsən bir faz, bir nol saxlayırlar.
- Görürəm tokdan, işıqdan çox yaxşı başınız çıxır. 

İnspektor vergilər nazirliyində işləsəydi, F. dayının ailə büdcəsinə 500AZN miqdarında cərimə təhlükəsi var idi. Ancaq o da bizim kimi ürəyi yumşaq olduğu üçün öz rəhbərliyinə məlumat vermək fikri yox idi. Beləliklə, iki saat sonra işıqlarımız yandı və yeni sayğacımız işləməyə başladı. F. dayı sonda sarkastik gülüş ilə güldü və çıxıb getdi. İndi yəqin fikirləşir ki, başqa hardan özünə xətt çəkə bilər.

İnspektor bizdə olduğu vaxt maraqlı bir termin işlətdi - "kəsinti" (Bütün montyorlar kəsintitədirlər.) Sən demə, montyorlar rayon və küçələri dolaşıb evlərə gedən və sayğaca qoşulmayan bütün elektrik xətlərini kəsirlər. Bu prosesə isə "kəsinti" deyirlər. Əgər Van Qoq indiki zamanda yaşasaydı, tarlada işləyən kəndlilərdən əlavə kəsintidə işləyən montyorların da rəsmini çəkə bilərdi.


Followers