Friday, December 28, 2012

YENİ İLANİZ MÜBARƏK!

"Yalansa, ilan vursun." - zarafatla və ya zarafatsız ən çox işlətdiyimiz məsəl/qarğış/bədduadır. Üstəlik ilan sözünün əvvəlinə hadisəyə, şəraitə uyğun bir təyin də tapıb əlavə edirik. Yadımdadır bir dəfə rəfiqəmlə bir nəfər üçün "yalansa, gülümsəyən ilan vursun." deyib, sonra ilanın necə üzündə təbəssümlə çaldığını təsəvvür edib xeyli gülmüşdük, amma hadisə özü yadıma düşmədi, yoxsa yazardım. Hiss edirəm ki, bu ilki yeni il təbriklərində millətimiz bu cümlədən doyunca (ən azı ürəklərində) istifadə edəcək. 

Bu arada, yeni il mövzusunda xəbərlərə baxsanız görərsiniz ki, hamı ilanla bağlı simvolik bir şeyi süfrəyə düzməyə çalışır. Ümumiyyətlə, bu prosesi hər il müşahidə edirəm. Hətta keçən il xalqımız əjdahanın da qida rasionunu hardansa tapmağa müvəffəq olmuşdu (əjdaha otyeyən imiş). Bu il də ilan yemədikləri üçün (məlum məsələdir, dünyanın hər altıncı qıyıqgözlü insanı deyilik), ilanın qidalandığı balaca heyvanları bişirməyi qərara alıblar. Məsələn, dovşanı. Uğur gətirəcəkmiş. Yalansa, uğurlu bir ilan vursun.

P.S. Yadıma sevimli əsərimdən fraqment düşdü:  
"İlanlar dərilərini dəyişirlər ki, ruhları yaşlanaraq çiçəklənsin. Biz – insanlar ilanlara oxşamırıq. Biz ruhumuzu dəyişib dərimizi saxlayırıq." (Qurban Səid "İstanbullu qız")

Tuesday, December 25, 2012

Kapitan Kukun xatirəsinə (və ya kannibalizm bizə lazımdırmı?)

Nə edim? Dayaz insanlar əhatəsindəyəm. Hərdən aralarında elə absurd dialoqlar alınır ki, özümü Bekket pyesinin tamaşaçısı kimi hiss edirəm. Bir az əvvəl də ədəbiyyatın insana xeyirli olub-olmamasından söhbət edirdilər:



- Məsəlçün, oxumuşdun da "Kapitan Qrantın uşaqları"-nı. Gör nə qədər şey öyrəndin.
- Nə öyrəndim ki, nə xeyri oldu mənə buların? Orda yazılan hamısı fantaziyadır.
- Nə idi fantaziya?
- Yazıb ki, Yeni Zellandiya əhalisi adamyeyən olub. İşğal edib yalandan yazırlar.

Sonda qərara gəldilər ki, ədəbiyyat xeyirlidir (dahi şairimiz Nizamini yad edəndən sonra), amma bu fəlsəfə yaman ziyanlı şeydir. Heç nə vermir insana. Başqa dialoqlar alındı. Daha "fəlsəfi", daha absurd.

Thursday, December 20, 2012

Dünyanın sonu

"Dünyanın sonu"
Son saatlar. İnsanlar hava limanlarına axışır. Birdən bütün monitorlarda "Canceled" yazılır.


P.S. English translation.

"End of the world"
The last hours. Men are rushing to airports. Suddenly all monitors show: "Canceled". 

Monday, December 17, 2012

İlin kitabları

      Bu il oxuduğum əsərlərdən ən çox bəyəndiyim on kitabı paylaşmaq istəyirəm. Conatan Foerin "Dəhşət ucadan və inanılmaz yaxın" əsərində qəhrəmanlardan biri tanıdığı hər insan üçün bir sözlə ifadə olunmuş bioqrafiya yazırdı. Mən də burada hər əsəri bir sözlə ifadə etməyə çalışdım. Görün sizdə də təəssüratlar eynidirmi?
(Başlığına "kko" yazılmış şəkillərə click etməklə əsərin annotasiyası və qeydləri ilə tanış ola bilər və istəsəniz kitabı saytımızdan yükləyə bilərsiniz.)
kko
1. Harper Li "Əbabili öldürmək"
Ədalət.
2. İrvinq Stoun "İztirab və vəcd"                      
İradə.
3. Ketrin Stoket "Kömək(çi)"
Şəfqət.
 
kko
4. Con Qolsuorsi "Ölümdən güclü".
Sevgi.
5. Con Steynbek "Siçanlar və insanlar haqqında"
Dostluq.
kko
                                                                                                 
6. Bernard Şlink "Qiraətçi"
Vicdan.
7. Villiam Qoldinq "Milçəklər kralı"
Güc.
kko
8. Luis Sepulveda "Məhəbbət romanları oxuyan qoca"
Selva.

9. Skot Fitzcerald "Böyük Qetsbi"
Sirr.
kko
10. Conatan Safran Foer "Dəhşət ucadan və inanılmaz yaxın"
Bağışlanma. 
kko







 

Wednesday, December 12, 2012

Həqiqəti axtararkən

Ən sevdiyim qısa hekayələrdən biri:

"Həqiqəti axtararkən" 
 Robert Tompkins

    Onun axtarışları nəhayət bu ucqar, tənha kənddə başa çatdı. Köhnəlmiş komada ocağın yanında Həqiqət oturmuşdu.
O, heç vaxt bundan qoca və eybəcər qadın görməmişdi.
- Siz Həqiqətsiniz?
Qoca, büzüşmüş qarı qürurla başını yellədi.
- Deyin görək, mən dünyaya nəyi bildirməliyəm? Hansı xəbəri çatdırım?
- Onlara de ki, mən cavan və gözələm!

Monday, December 3, 2012

Bəziləri

  
    Bəziləri ona görə dindar olur ki, başqalarını daim ittiham etsin, onların haqsız olduqlarını üzə vursun və özlərini artıq indidən cənnətə düşmüş kimi hesab eləsin.

    Bəziləri ona görə çox oxuyur ki, özlərini başqalarından daha üstün, daha ağıllı hesab eləsin. Onlar nadanlıq və cahilliyə deyil, nadan və cahil olan insanlara nifrət bəsləyir, onların hesabına daha ağıllı görünməyə çalışırlar.

   Bəziləri çoxluqda olmağa nifrət edir. Əks sürü effekti. Onlara hər şeyi inkar etmək lazımdır. Belələri yaltaqlar içində üsyankar, üsyankarlar içində müti olur, qaraya ağ, ağa qara deyir. Həqiqətin harda olmasına isə tüpürürlər.

    Siz onlardan olmayın!




Followers