Monday, March 18, 2013

Zirzəmi

Con Faulzun "Kolleksiyaçı" əsəri bir aydır başımdan çıxmır. Yazıçı nə qədər istedadlı olmalıdır ki, eyni hadisəni həm manyak, adət-ənənə və stereotip düşkünü, qəddar kolleksiyaçı, həm də müasir, gənc, ağıllı bir qızın dili ilə oxucuya çatdırsın. Sujet sadədir: həmişə kəpənək tutmaqla məşğul olan Ferdinand, birdən-birə çoxlu pul udur və ən böyük arzusunu gerçəkləşdirir: Miranda adlı, (guya) sevdiyi qızı qaçırıb yenicə aldığı evin zirzəmisində əsir etmək. Məqsədi: Miranda onu tanıyıb sevəcək, onlar evlənəcəklər və "happy end". Kaliban (Miranda onu Şekspirin "Fırtına" tragikomediyasından personajın adı ilə çağırır.) nifrət etdiyim personajlardan oldu, belələrini kitabı oxuduqca boğub öldürmək istəyirsən.

Adam oxuduqca elə bilir özü zirzəmidədir, boğulur, çarəsizcəsinə çıxış yolu axtarır və sona qədər müəllifin insafına ümid edir. Amma yox, müəllif bizi sevindirmir, zira həqiqətdə olduğu kimi despotlar əllərində olduqlarını itirməyə heç vaxt razı olmazlar. Onlar idarə etdikləri vəziyyəti heç vaxt boş buraxmaz, yalandan vədlər verər, ümid yeri qoyar, hakimiyyəti əldən verməzlər. Ən nifrət etdikləri şey isə əsarətlərində olanların azadlıq istəkləridir.

Əsərdən sonra qəribə hisslər qalır, suallar yaranır. Ətrafımızda nə qədər Kalibanlar var? Bizi sıxan, hüquqlarımı pozan, arzu və xəyallarımızın həyata keçməsinə mane olan neçə Kaliban var? Xilas yolumuz varmı? Varsa, nədədir? 
Məgər biz özümüz zirzəmidə yaşamırıq?! Nə olsun ki, göy üzü açıqdır, ulduzları ki görmürük.

Followers