Tuesday, July 12, 2011

Ağ_xalat_fobiya

Kulis.az saytında savadlı və məntiqli yazı yazan bir nəfər varsa, o da İlqar Rəsuldur (orada yazan digər jurnalistlər, onların seçdiyi mövzular, yazdığı məqalələr ayrıca müzakirə mövzusu olsa da, buna vaxt sərf etmək, nə beynimdə, nə vərəqlərdə, nə də ki blogumda yer ayırmaq niyyətindəyəm). Hər şey rəfiqəmin İlqar Rəsulun yenicə dərc olunmuş "Sağ qalmağın resepti" adlı məqaləsini paylaşmasından başladı. Məqalədə Azərbaycan səhiyyə sisteminin problemi (sanki bu sistem özü bir böyük problem deyil), həkimlərimizin səviyyəsindən, insanların niyə müalicə olunmaq üçün İrana üz tutmasından bəhs olunurdu.

Bu paylaşmaya yazılan şərhlərə tibb universitetinin tələbələri cavab verməyə başladılar, bütün məntiqsiz mübahisələr kimi (cavab trivial olduğu halda, bir tərəfin onunla heç cürə razılaşa bilməməsi) burada da iki vur ikinin beş olması, qatığın qara olması fikirləri irəli sürüldü, mən də iki şərhdən sonra, cavab verməməyi seçdim. Amma axşam yaddaşımın dərinliklərində gizlədilmiş xatirələr üzə çıxmağa başlayanda çoxdan bəri həkimlər, tibb və s. barədə içimdə yığılıb qalmış fikirləri notepad++ səhifələrinə köçürməyi qərara aldım (yazıq klaviatura).

Başlayaq niyə səhiyyənin səviyyəsinin aşağı olmasının səbəblərinə gətilirən arqumentlərdən.

Arqument 1: Hər peşənin pisi də var, yaxşısı da.

Deyim ki, bu cümlə bizdə ən çox işlənilən, bütün sual, irad və şikayətlərə cavab verən sevimli klişelərdən biridir. Hansısa bölgənin xarakterik milli xüsusiyyətindən bəhs etdinmi "Hər zonanın pisi də var, yaxşısı da", qayınanalar barədə söz düşdümü "Hər ailənin pisi də var, yaxşısı da" cümləsini eşidirsən. Bu qayda ilə hər kəs aid olduğu qrupa ünvanlanan iradları eşidən kimi həmin universal cavaba əl atır. Əlbəttə ki, bu fikir yanlış deyil, amma nəyəsə görə yaxşı və pisin nisbəti söhbətinə gələndə nəticə heç vaxt birincinin xeyrinə olmur. Bu nisbətin ən pis olduğu sahə isə Tibb sahəsidir. Burada yaxşıları çıraqla axtarmalısan, bir yerin ağrıyan kimi bütün dost-tanışlarına zəng edib yaxşı bir həkim tapmalısan. Çünki təsadüfi klinika və ya təsadüfi həkim seçmək adamı Nostradamusun fərz etdiyi ən pis gələcəkdən daha çox qorxudur.
Azərbaycan səhiyyəsində pis yaxşını dəfələrlə (on, yüz, min) üstələyir, belə olmasaydı "Hər peşənin pisi də var, yaxşısı da" klişesi dillər əzbəri olmazdı...

Arqument 2: İnsanlar ancaq ölüm ayağında olanda həkimə müraciət edirlər.

Bu da bizim həkimlərin sevimli cümlələrindən biridir. Siz gözləyirsiz xəstəlik son mərhələyə çatsın, sonra gəlirsiz, biz də Allah deyilik ki, sizi dirildə bilək. Sözlərində həqiqət var. Amma Azərbaycan həqiqəti bundan ibarətdir ki, əgər sən hər hansı bir xəstəliyi öz ixtiyarına buraxsan bəlkə daha çox yaşayarsan, nəinki həkimin o dünyaya pullu, sürətli putyovkası ilə... Heç kim xəstələnmək istəmir, heç kim də ölmək istəmir, bizdə bunu istəməməyin ən başlıca səbəbi həkimin əlinə düşməməkdir.
Bu yerdə uşağını iki gündən bir çöpçüyə aparan, 7-10 illik tibbi biliklərinin səviyyəsi mənim wikipedia səviyyəmdən aşağı olan, tibb bacısından baş həkimə kimi təkamül edən (bu təkamül prosesi hələ də davam edir, bir də gördük nazir müavininə kimi yüksəldi) bir qohumum yadıma düşdü. Qohumlarımız ona öz dərdlərini heç vaxt demirlər, işdir çasıb bir yerlərindən şikayət etsələr, o saat bir resept yazılır, təqdim olunur, dönə-dönə ona əməl olunması tapşırılır. Qohumumuz sağollaşıb qapıdan çıxan kimi, bu resept çırılıb zibilqabına atılır. Çünki bizimkilər onun instruksiyasında "1 həb 10 gündən bir" yazılmış dərmanı "gündə 3 dəfə yeməkdən sonra" resepti ilə ölməyə tələsmirlər.

Arqument 3: Həkimin maaşı azdır, hörmət edən yoxdur və s.

Bu yerdə yenə rəfiqəmin paylaşdığı məqaləyə gələn şərhdən bir sitat gətirmək istəyirəm: "Heç bir həkim əl açıb xəstədən pul istəmir. Xəstə özünün düşüncəsi varsa, özü başa düşürsə bu hörməti edəcək..."
Yeri gəlmişkən, həkimlərin və ümumiyyətlə, tibb işçilərinin bir xüsusiyyətini də qeyd edim. Onlar həkim olmayan ixtiyari şəxsi "XƏSTƏ" adlandırırlar. Bu söz onlara xüsusilə əzizdir. Hətta hansısa salonda yumurtanı vitamin A ilə qatışdırıb saçınıza maska qoyan kosmetoloq da sizə nəzakətlə "xəstəm" deyərək müraciət edir.
Qayıdaq arqumentə. Nə hörmət!!! Müalicəyə bir dəfəlik qiymət qoyun, insanlar da nə qədər maddi yükün gözlədiyindən əvvəlcədən xəbərdar olsun. Yoxsa bir rəsmi məbləği ödə, bir də klinikaya ayaq basandan hamıya hörmət et. Maaşlarının azlığından şikayət edən həkimlər gərək bilsinlər ki, adi adamların da maaşı çox deyil,  Onlar bilmirlər xəstliklərinin dərdini çəksinlər yaxud həkimlərin acınacaqlı maddi vəziyətinin.

Hər yerdə diaqnostika mərkəzləri tikilir, bahalı avadanlıqlar alınır. Fərdi klinikaların sayı az qala restoranların sayını geridə qoysun. O avadanlıqlardan istifadə etməyi bacaran, aparatı söndürüb-yandıra bilən personal yoxdursa, onların tikilməsinin nə mənası?!


Qeysəriyyə əməliyyatı zamanı körpənin başını da kəsən (bəli, bəli bu mənim ailə üzvümün başına gəlməsəydi heç vaxt inanmazdım), sonra uşağın papağı qan olanda "bayaqdan  qan idi silməmişik" deyən tibb personalı, şəkər xəstəliyi və hipertoniyası olan adamın gözünə lazerla əməliyyat edib, bu da azmış kimi ona qan qatılaşdırıcı dərmanlar yazıb infarkta və ölümə sürükləyən, hörməti az olub deyə qarın yırtığını sonadək tikməyən və sonra bunu abırsızcasına etiraf edən, pnevmaniyanı "son mərhələ ağ ciyər xərçəngi" adı ilə müjdələyib evinə yollayan həkimlərimiz! Bunları havadan-sudan yazmıram, hamısı ailəm və istədikərimin başına gələnlərdir. Əminəm sizin də əhatənizdə buna bənzər hallar çox olub, hamısını danışıb saymaqla qurtarmaq olmaz, çünki ən bəd təxəyyülümüz belə realda olan bu kimi hadisələrin yanında "happy end"-lə bitən nağıllardır.


Vicdan gərək 140 AZN-dən ucuz olmasın. İnsanlıq, mərhəmət və ləyaqət həkim olan şəxsdə daha çox olmalıdır. Onlar üçün ölüm adidir, əzab-əziyyət adidir (bəlkə belə olmasaydı, heç müalicə edə də bilməzdilər). Gündəlik həyatlarının ayrılmaz bir hissəsidir. Qəbullarına gələn insanları "xəstə" adlandırıb, müalicəsi barədə düşünmək əvəzinə nə qədər hörmət edəcək barədə düşünməkdir. Əlbəttə belə olmayanlar da var. Maraqlı bir fakt deyim, indiyə kimi gördüyüm, tanıdığım savadlı və yaxşı həkimlər (sayını yazmayım ayıbdır) xasiyyətcə çox kobud, pofiqist olublar. Məncə onlar itirmək istəmədikləri ləyaqətləri və vicdanlarını bu kobudluq arxasında gizlədirlər. Çünki bu sistem hamını dəyişir, zəif iradəsi olan hamını abırsız və vicdansız edir. Hər yerdə belədir, tək Azərbaycanda yox. Belə olmasaydı əsərlərdə və kinolarda pofiqist həkim obrazları yaranmazdı, Raviki, Doktor Hausu yada salın.


P.S. Mahiyyət etibarilə bu o deməkdir ki, beyinlərin yuyulması peşəyə sədaqətdən doğur. (X.Kortazar)

P.P.S. Bu qədər! Hələ deyiləcək o qədər sözlər qaldı ki, Allah hamıya can sağlığı versin.

Monday, July 11, 2011

Həyat gözəldir!

Həyat gözəldir!

Həyat gözəldir.

Küləklə bir sovrulan xatirələrə,
Yağışla bir yağan peşmanlıqlara,
       baxmayaraq gözəldir.
Xəyallarında üzə çıxan səssizliyə,
Yuxularında üzə çıxan qorxulara,
               baxmayaraq gözəldir.
Gündüzlər gəlməyən dəyişiklikliyə,
Gecələr gəlməyən yuxulara,
       baxmayaraq gözəldir.
Dünənində yanlışlıqlara,
Sabahında naməlumluğa,
       baxmayaraq gözəldir.
Cünki hələ ümid var.
Ümid varsa, arzu var.
Arzu varsa, Sən varsan.
Sən varsan,
       demək mən də varam.

Monday, July 4, 2011

Zaman gizlədir

 Zaman gizlədir

Zaman kömək etmir,
Sağaltmır yaralarımızı.
Olsa-olsa gizlədir
Gözlərdə kədər,
Qəlblərdə boşluq,
Vicdanda həyəcanımızı
Hamıdan gizlədir.
Səndən
Ondan
Özümüzdən gizlədir.
Gözlərdə boşluq,
Qəlblərdə həyəcan,
Vicdanda kədər
Arxasında gizlədir.
Zaman dayanmır,
Dayanıb gözləyən insanlardır.
Zaman gözləmir,
Gözləyib tükənən insanlardır.
Zaman tükənmir,
Tükənib gizlənən insanlardır.
Zaman gizlənmir.
Olsa-olsa gizlədir.

Followers