Thursday, November 29, 2012

Yüz il sonra

Postun adını "Axmaqlığın yüz ili" qoymaq istəyirdim. Sonra fikirləşdim, mən nə 90 yaşlı qoca (pedofilliyindən şübhələndiyimiz) Nobel mükafatçısı, nə də Dədə Qorqud deyiləm ki, daha sonra seçdiyim ada görə peşman olum. Nəysə, hazırsınızsa, başlayaq:
  • Bulvarda adına  muzey tikilməyən əşya, mövzu qalmayacaq. Hətta muzeyin də muzeyi olacaq. Muzeylərə yer çatmadıqca bulvarı uzadacaqlar. Xəzər dənizi də bu missiyaya kömək məqsədi ilə geriyə çəkiləcək.
  • Təhsil tam distant üsulla olacaq. İnstitutların tarixi binalarında ancaq administrasiya fəaliyyət göstərəcək. Nəvə-nəticələrimiz məktəbə, instituta ancaq iki dəfə - sənəd verəndə və diplom alanda ayaq basacaqlar. ADPU-da oxuyan qızlar nənələrindən irsən keçən instiktə uyğun olaraq instituta gedən yolda svetafora məhəl qoymayacaqlar.
  • Ermənilərlə aramız düzəlməyəcək, hansısa yunan-yəhudi qarışığı olan biri dolmanı fast-fooda çevirərək, global restoranlar şəbəkəsi quracaq. Ermənilər onu  beynəlxalq məhkəməyə verəcək, biz də hər ikisini. Məsələ öz həllini tapmamağa davam edəcək.
  • Qarabağ məsələsi də həll olunmamış qalacaq, hər bayramı millətimiz "Gələn il bu günü Qarabağda qeyd edək" cümləsi ilə başa vuracaq. Cümlə  atalar sözünə çevriləcək.
  • "Hop-hop namə" öz aktuallığını qoruyub saxlayacaq.
  • Tarix fənnini heç kim öyrənməyəcək. Həqiqəti (yalanı?) biləndə fəxr etmək olmur axı.
  • Kitab yazan olmayacaq. Nəyə lazım?
  • Kitab oxuyan olmayacaq. Kimə lazım?

P.S. Yazdığım bəndlərdən hansısa baş versə və blogspot.com o vaxtacan işləsə (heç inanmağım gəlmir), bir sözlə, bu post kiminsə əlinə keçsə, bilin ki, mən nə gələcəyi görürəm, nə satirik şairəm, nə də bir şey. Sadəcə yüz il əvvəl olanların sabit qalacağına (düşüncə mənasında) möhkəm inamım olub.

Monday, November 19, 2012

Biz kimik?!


  Biz həyatımızı yaşamağa tələsməyən, ancaq xırda şeylərdə qaça-qaça düşən millətik. Nəqliyyata düşüb-minəndə, bilet alanda, yolda, işdə hər yerdə tələsirik. Amma bu tələsmək artıq zaman əldə etmək üçün deyil. Bu, təlaş, panik təfəkkürün yaratdığı qorxu, başqasından üstünlüyü hiss etmək üçün imkan tələskənliyidir. 
     Hərdən gələcəyə aparan yolda, yəni metroda (Səyyad Əlizadənin gözündən iraq) fikir verirəm insanların davranışına, hələ qatar stansiyaya çatmamış yerlərindən duran, hamını itələyə-itələyə basıb-keçərək qapının qabağında yığışan insanlara. Həmişə də gözümün qabağına "Titanik" filmində sərnişinlərin xilasetmə qayığına doldurulması kadrları gəlir. Gözlərdə nə qədər təlaş olarmış. Sanki qapı bağlanıb bu içəridə qalsa, dünyanın axırı gələcək. Nəhayət stansiya. Qapılar açılan kimi, millətimizin klassik davranışı. Əvvəl minənlər minir, sonra düşənlər söyə-söyə düşür. Sonra eskalatora kimi qaçış yarışması, bir-birlərini itələyib iki addım qabağa düşmə adrenalini və s. Metroya yaxın işləyən və yaşayanlar üçün yaşamaq uğrunda mübarizənin bu kiçik modeli bununla yekunlaşır, yolu uzaq olanlar isə növbəti sınağa hazırlaşır: avtobus. 
      Yalnız bizimkilər avtobusu gözləmək üçün yolun ortasına çıxırlar. Üstəlik biri çıxıbsa, o biri mütləq gəlib  bundan üç addım qabaqda dayanmalıdır, axı onun mübarək gözləri yoldakı (çox zaman tıxacdakı) üfüqə zillənməsə avtobus gələ  bilməz. Avtobusun gəlməsi isə Korridada öküz tutma ritualına oxşayır, sonra yenə "Titanik"-in xilasetmə qayıqları, avtobusa minmək uğrunda mübarizə, yenə izdiham, yenə təlaş, yenə xaos. 
     Bəli, biz xaos sevən xaotik millətik. Bizim ixtiyari bir yerə toplaşmağımız Broun hərəkətinə gətirib çıxarır. 
***
     Biz böyük məsələlərdə müti, kiçiklərdə isə başqalarının haqlarını tanımayan millətik. Növbədəyiksə, məqsədimiz ancaq və ancaq irəli gedib bilet, çörək, dönər almaqdır. Bu zaman ən çox zövq aldığımız şey bizdən əvvəl gələnlərdən qabağa keçmək, ürəyimizdə onları axmaq adlandırıb, özümüzü isə ağıllı hiss etməyimizdir. Bəli, biz ağıllı olduğumuzu ancaq belə "gözəl" dəqiqələrdə hiss edirik. Əsas həyat prinsiplərimizdəndir, hər yerdə qabağa düşmək. Bu zaman bütün üsulları da doğru hesab edirik, onların dürüst olub-olmaması çox zaman vecimizə olmur. Olsaydı, "Bacarana can qurban.", "Düz adam düzdə qalar." məsəllərini yaratmazdıq.
***
     Biz Sabirdən sitatlar gətirən "Hop-hop namə" personajlarıyıq. "Oxutmuram, əl çəkin" indiki valideynlərin savadsız övladlarını zorla instituta düzəldib rüşvətlə diplom almasına antiutopiya deyil, bəs nədir?
Tarix boyu eyni səhvləri təkrarlayan, eyni dırmığı tapdalayanlardanıq. 
Elə hey kiməsə nəyisə sübut etmək istəyənlərdənik.

Dünyanı biz xilas etməyəcəyik. Dağıtmağa da çətin gücümüz çata. Öldürdüyümüz ancaq neyronlardır.

Saturday, November 3, 2012

Qrenuyun burnundan uzaq

     Bacımla mənim növbəti Merfi qanunlarımızdan biri: hədiyyə qismində sevmədiyimiz və istifadə etmədiyimiz ətri alırıq. Hətta parfum mağazasında satıcı aldığımız şeylərin yanına hədiyyə olaraq "probnik" deyilən balaca ətir qoysa, o da həmin ətir çıxır. Söhbət Dior Miss Cherie-dən gedir. Elə qəşəng qaba görə elə kəskin iyi var ki, onu vurub kimdənsə gizlənmək istəsən, səni 100 m radiusunda tapar. Kimdən də soruşuram bəyənmir, amma hamıda var. Fikirləşdim, fikirləşdim və Miss Cherie-in dövriyyə alqoritmini bu cür olduğu qənaətinə gəldim.

  1. Sizə Miss Cherie hədiyyə ediblər.
  2. Bu hadisə ilk dəfə baş verirsə, açıb işlədirsiz.
  3. İlk dəfə deyilsə, saxlayıb kiməsə hədiyyə verirsiz.

Nəticə: Sizə həmisə Miss Cherie hədiyyə edəcəklər :)

P.S.  Əgər aranızda onu sevən xanımlar varsa, əlaqə saxlayın, bundan sonra sizinlə paylaşım.

Followers