Friday, December 28, 2012

YENİ İLANİZ MÜBARƏK!

"Yalansa, ilan vursun." - zarafatla və ya zarafatsız ən çox işlətdiyimiz məsəl/qarğış/bədduadır. Üstəlik ilan sözünün əvvəlinə hadisəyə, şəraitə uyğun bir təyin də tapıb əlavə edirik. Yadımdadır bir dəfə rəfiqəmlə bir nəfər üçün "yalansa, gülümsəyən ilan vursun." deyib, sonra ilanın necə üzündə təbəssümlə çaldığını təsəvvür edib xeyli gülmüşdük, amma hadisə özü yadıma düşmədi, yoxsa yazardım. Hiss edirəm ki, bu ilki yeni il təbriklərində millətimiz bu cümlədən doyunca (ən azı ürəklərində) istifadə edəcək. 

Bu arada, yeni il mövzusunda xəbərlərə baxsanız görərsiniz ki, hamı ilanla bağlı simvolik bir şeyi süfrəyə düzməyə çalışır. Ümumiyyətlə, bu prosesi hər il müşahidə edirəm. Hətta keçən il xalqımız əjdahanın da qida rasionunu hardansa tapmağa müvəffəq olmuşdu (əjdaha otyeyən imiş). Bu il də ilan yemədikləri üçün (məlum məsələdir, dünyanın hər altıncı qıyıqgözlü insanı deyilik), ilanın qidalandığı balaca heyvanları bişirməyi qərara alıblar. Məsələn, dovşanı. Uğur gətirəcəkmiş. Yalansa, uğurlu bir ilan vursun.

P.S. Yadıma sevimli əsərimdən fraqment düşdü:  
"İlanlar dərilərini dəyişirlər ki, ruhları yaşlanaraq çiçəklənsin. Biz – insanlar ilanlara oxşamırıq. Biz ruhumuzu dəyişib dərimizi saxlayırıq." (Qurban Səid "İstanbullu qız")

Tuesday, December 25, 2012

Kapitan Kukun xatirəsinə (və ya kannibalizm bizə lazımdırmı?)

Nə edim? Dayaz insanlar əhatəsindəyəm. Hərdən aralarında elə absurd dialoqlar alınır ki, özümü Bekket pyesinin tamaşaçısı kimi hiss edirəm. Bir az əvvəl də ədəbiyyatın insana xeyirli olub-olmamasından söhbət edirdilər:



- Məsəlçün, oxumuşdun da "Kapitan Qrantın uşaqları"-nı. Gör nə qədər şey öyrəndin.
- Nə öyrəndim ki, nə xeyri oldu mənə buların? Orda yazılan hamısı fantaziyadır.
- Nə idi fantaziya?
- Yazıb ki, Yeni Zellandiya əhalisi adamyeyən olub. İşğal edib yalandan yazırlar.

Sonda qərara gəldilər ki, ədəbiyyat xeyirlidir (dahi şairimiz Nizamini yad edəndən sonra), amma bu fəlsəfə yaman ziyanlı şeydir. Heç nə vermir insana. Başqa dialoqlar alındı. Daha "fəlsəfi", daha absurd.

Thursday, December 20, 2012

Dünyanın sonu

"Dünyanın sonu"
Son saatlar. İnsanlar hava limanlarına axışır. Birdən bütün monitorlarda "Canceled" yazılır.


P.S. English translation.

"End of the world"
The last hours. Men are rushing to airports. Suddenly all monitors show: "Canceled". 

Monday, December 17, 2012

İlin kitabları

      Bu il oxuduğum əsərlərdən ən çox bəyəndiyim on kitabı paylaşmaq istəyirəm. Conatan Foerin "Dəhşət ucadan və inanılmaz yaxın" əsərində qəhrəmanlardan biri tanıdığı hər insan üçün bir sözlə ifadə olunmuş bioqrafiya yazırdı. Mən də burada hər əsəri bir sözlə ifadə etməyə çalışdım. Görün sizdə də təəssüratlar eynidirmi?
(Başlığına "kko" yazılmış şəkillərə click etməklə əsərin annotasiyası və qeydləri ilə tanış ola bilər və istəsəniz kitabı saytımızdan yükləyə bilərsiniz.)
kko
1. Harper Li "Əbabili öldürmək"
Ədalət.
2. İrvinq Stoun "İztirab və vəcd"                      
İradə.
3. Ketrin Stoket "Kömək(çi)"
Şəfqət.
 
kko
4. Con Qolsuorsi "Ölümdən güclü".
Sevgi.
5. Con Steynbek "Siçanlar və insanlar haqqında"
Dostluq.
kko
                                                                                                 
6. Bernard Şlink "Qiraətçi"
Vicdan.
7. Villiam Qoldinq "Milçəklər kralı"
Güc.
kko
8. Luis Sepulveda "Məhəbbət romanları oxuyan qoca"
Selva.

9. Skot Fitzcerald "Böyük Qetsbi"
Sirr.
kko
10. Conatan Safran Foer "Dəhşət ucadan və inanılmaz yaxın"
Bağışlanma. 
kko







 

Wednesday, December 12, 2012

Həqiqəti axtararkən

Ən sevdiyim qısa hekayələrdən biri:

"Həqiqəti axtararkən" 
 Robert Tompkins

    Onun axtarışları nəhayət bu ucqar, tənha kənddə başa çatdı. Köhnəlmiş komada ocağın yanında Həqiqət oturmuşdu.
O, heç vaxt bundan qoca və eybəcər qadın görməmişdi.
- Siz Həqiqətsiniz?
Qoca, büzüşmüş qarı qürurla başını yellədi.
- Deyin görək, mən dünyaya nəyi bildirməliyəm? Hansı xəbəri çatdırım?
- Onlara de ki, mən cavan və gözələm!

Monday, December 3, 2012

Bəziləri

  
    Bəziləri ona görə dindar olur ki, başqalarını daim ittiham etsin, onların haqsız olduqlarını üzə vursun və özlərini artıq indidən cənnətə düşmüş kimi hesab eləsin.

    Bəziləri ona görə çox oxuyur ki, özlərini başqalarından daha üstün, daha ağıllı hesab eləsin. Onlar nadanlıq və cahilliyə deyil, nadan və cahil olan insanlara nifrət bəsləyir, onların hesabına daha ağıllı görünməyə çalışırlar.

   Bəziləri çoxluqda olmağa nifrət edir. Əks sürü effekti. Onlara hər şeyi inkar etmək lazımdır. Belələri yaltaqlar içində üsyankar, üsyankarlar içində müti olur, qaraya ağ, ağa qara deyir. Həqiqətin harda olmasına isə tüpürürlər.

    Siz onlardan olmayın!




Thursday, November 29, 2012

Yüz il sonra

Postun adını "Axmaqlığın yüz ili" qoymaq istəyirdim. Sonra fikirləşdim, mən nə 90 yaşlı qoca (pedofilliyindən şübhələndiyimiz) Nobel mükafatçısı, nə də Dədə Qorqud deyiləm ki, daha sonra seçdiyim ada görə peşman olum. Nəysə, hazırsınızsa, başlayaq:
  • Bulvarda adına  muzey tikilməyən əşya, mövzu qalmayacaq. Hətta muzeyin də muzeyi olacaq. Muzeylərə yer çatmadıqca bulvarı uzadacaqlar. Xəzər dənizi də bu missiyaya kömək məqsədi ilə geriyə çəkiləcək.
  • Təhsil tam distant üsulla olacaq. İnstitutların tarixi binalarında ancaq administrasiya fəaliyyət göstərəcək. Nəvə-nəticələrimiz məktəbə, instituta ancaq iki dəfə - sənəd verəndə və diplom alanda ayaq basacaqlar. ADPU-da oxuyan qızlar nənələrindən irsən keçən instiktə uyğun olaraq instituta gedən yolda svetafora məhəl qoymayacaqlar.
  • Ermənilərlə aramız düzəlməyəcək, hansısa yunan-yəhudi qarışığı olan biri dolmanı fast-fooda çevirərək, global restoranlar şəbəkəsi quracaq. Ermənilər onu  beynəlxalq məhkəməyə verəcək, biz də hər ikisini. Məsələ öz həllini tapmamağa davam edəcək.
  • Qarabağ məsələsi də həll olunmamış qalacaq, hər bayramı millətimiz "Gələn il bu günü Qarabağda qeyd edək" cümləsi ilə başa vuracaq. Cümlə  atalar sözünə çevriləcək.
  • "Hop-hop namə" öz aktuallığını qoruyub saxlayacaq.
  • Tarix fənnini heç kim öyrənməyəcək. Həqiqəti (yalanı?) biləndə fəxr etmək olmur axı.
  • Kitab yazan olmayacaq. Nəyə lazım?
  • Kitab oxuyan olmayacaq. Kimə lazım?

P.S. Yazdığım bəndlərdən hansısa baş versə və blogspot.com o vaxtacan işləsə (heç inanmağım gəlmir), bir sözlə, bu post kiminsə əlinə keçsə, bilin ki, mən nə gələcəyi görürəm, nə satirik şairəm, nə də bir şey. Sadəcə yüz il əvvəl olanların sabit qalacağına (düşüncə mənasında) möhkəm inamım olub.

Monday, November 19, 2012

Biz kimik?!


  Biz həyatımızı yaşamağa tələsməyən, ancaq xırda şeylərdə qaça-qaça düşən millətik. Nəqliyyata düşüb-minəndə, bilet alanda, yolda, işdə hər yerdə tələsirik. Amma bu tələsmək artıq zaman əldə etmək üçün deyil. Bu, təlaş, panik təfəkkürün yaratdığı qorxu, başqasından üstünlüyü hiss etmək üçün imkan tələskənliyidir. 
     Hərdən gələcəyə aparan yolda, yəni metroda (Səyyad Əlizadənin gözündən iraq) fikir verirəm insanların davranışına, hələ qatar stansiyaya çatmamış yerlərindən duran, hamını itələyə-itələyə basıb-keçərək qapının qabağında yığışan insanlara. Həmişə də gözümün qabağına "Titanik" filmində sərnişinlərin xilasetmə qayığına doldurulması kadrları gəlir. Gözlərdə nə qədər təlaş olarmış. Sanki qapı bağlanıb bu içəridə qalsa, dünyanın axırı gələcək. Nəhayət stansiya. Qapılar açılan kimi, millətimizin klassik davranışı. Əvvəl minənlər minir, sonra düşənlər söyə-söyə düşür. Sonra eskalatora kimi qaçış yarışması, bir-birlərini itələyib iki addım qabağa düşmə adrenalini və s. Metroya yaxın işləyən və yaşayanlar üçün yaşamaq uğrunda mübarizənin bu kiçik modeli bununla yekunlaşır, yolu uzaq olanlar isə növbəti sınağa hazırlaşır: avtobus. 
      Yalnız bizimkilər avtobusu gözləmək üçün yolun ortasına çıxırlar. Üstəlik biri çıxıbsa, o biri mütləq gəlib  bundan üç addım qabaqda dayanmalıdır, axı onun mübarək gözləri yoldakı (çox zaman tıxacdakı) üfüqə zillənməsə avtobus gələ  bilməz. Avtobusun gəlməsi isə Korridada öküz tutma ritualına oxşayır, sonra yenə "Titanik"-in xilasetmə qayıqları, avtobusa minmək uğrunda mübarizə, yenə izdiham, yenə təlaş, yenə xaos. 
     Bəli, biz xaos sevən xaotik millətik. Bizim ixtiyari bir yerə toplaşmağımız Broun hərəkətinə gətirib çıxarır. 
***
     Biz böyük məsələlərdə müti, kiçiklərdə isə başqalarının haqlarını tanımayan millətik. Növbədəyiksə, məqsədimiz ancaq və ancaq irəli gedib bilet, çörək, dönər almaqdır. Bu zaman ən çox zövq aldığımız şey bizdən əvvəl gələnlərdən qabağa keçmək, ürəyimizdə onları axmaq adlandırıb, özümüzü isə ağıllı hiss etməyimizdir. Bəli, biz ağıllı olduğumuzu ancaq belə "gözəl" dəqiqələrdə hiss edirik. Əsas həyat prinsiplərimizdəndir, hər yerdə qabağa düşmək. Bu zaman bütün üsulları da doğru hesab edirik, onların dürüst olub-olmaması çox zaman vecimizə olmur. Olsaydı, "Bacarana can qurban.", "Düz adam düzdə qalar." məsəllərini yaratmazdıq.
***
     Biz Sabirdən sitatlar gətirən "Hop-hop namə" personajlarıyıq. "Oxutmuram, əl çəkin" indiki valideynlərin savadsız övladlarını zorla instituta düzəldib rüşvətlə diplom almasına antiutopiya deyil, bəs nədir?
Tarix boyu eyni səhvləri təkrarlayan, eyni dırmığı tapdalayanlardanıq. 
Elə hey kiməsə nəyisə sübut etmək istəyənlərdənik.

Dünyanı biz xilas etməyəcəyik. Dağıtmağa da çətin gücümüz çata. Öldürdüyümüz ancaq neyronlardır.

Saturday, November 3, 2012

Qrenuyun burnundan uzaq

     Bacımla mənim növbəti Merfi qanunlarımızdan biri: hədiyyə qismində sevmədiyimiz və istifadə etmədiyimiz ətri alırıq. Hətta parfum mağazasında satıcı aldığımız şeylərin yanına hədiyyə olaraq "probnik" deyilən balaca ətir qoysa, o da həmin ətir çıxır. Söhbət Dior Miss Cherie-dən gedir. Elə qəşəng qaba görə elə kəskin iyi var ki, onu vurub kimdənsə gizlənmək istəsən, səni 100 m radiusunda tapar. Kimdən də soruşuram bəyənmir, amma hamıda var. Fikirləşdim, fikirləşdim və Miss Cherie-in dövriyyə alqoritmini bu cür olduğu qənaətinə gəldim.

  1. Sizə Miss Cherie hədiyyə ediblər.
  2. Bu hadisə ilk dəfə baş verirsə, açıb işlədirsiz.
  3. İlk dəfə deyilsə, saxlayıb kiməsə hədiyyə verirsiz.

Nəticə: Sizə həmisə Miss Cherie hədiyyə edəcəklər :)

P.S.  Əgər aranızda onu sevən xanımlar varsa, əlaqə saxlayın, bundan sonra sizinlə paylaşım.

Tuesday, October 30, 2012

Böyük Qetsbinin Böyük Sevgisi

          Olur ki, bir əsəri oxuyub qurtarırsan və bilirsən ki, onu və onun yaratdığı hissləri heç vaxt unutmayacaqsan. Təəssüratlar isə o qədər çox olur ki, yeni kitaba başlamaq istəmirsən. "Böyük Qetsbi" də həmin əsərlərdən, Fitzcerald isə növbəti sevimli yazıçım oldu. Deyilənə görə ,"Böyük Qetsbi" adı Fitzceraldın qəhrəmanına olan ironik münasibətini əks etdirir, kitabın üzqabığı isə əsər yazılmamışdan əvvəl çox da məşhur olmayan Frensis Kuqat adlı rəssam tərəfindən hazırlanmışdı. Fitzcerald kitabın üzünü o qədər bəyənib ki, naşirinə şəkli əsərinə "cızdığını" yazmışdı.

 ***

"Böyük Qetsbi" əlçatmaz arzu və sevgi haqqındadır.

Xəyallarda yaşayan ideal insanın heç də ideal olmaması haqqındadır. 

Sadəlövhlüyün və məqsədyönlüyün ziddiyəti haqqındadır.

Fitzceraldın özünün dediyi kimi, laqeyd insanların əşyaları və insanları sındırmaqları haqqındadır.

Səhv məqsədlərin səhv yollara apardığı haqqındadır.

Böyük Qetsbinin böyük xülyaları, böyük sevgisi və böyük tənhalığı haqqındadır.

***

Elə əsərlər də var ki, onların ilk və sonuncu cümlələri həmişəlik yaddaşında qalır:

           Qetsbi yaşıl işığa inanırdı, ildən-ilə uzaqlaşan sonsuz gələcək xoşbəxtlik işığına. Qoy, o, bu gün əlindən qaçsın, eybi yoxdur - sabah biz daha da sürətlə qaçacayıq, əllərimizi daha çox uzadacayıq... Və gözəl səhərlərin birində...
Beləcə axınla mübarizə apararaq qabağa üzməyə çalışırıq, o, isə yenə də və yenə də bizim kiçik gəmilərimizi geriyə, keçmişə aparır.


P.S. Əsəri oxuyanda assosiasiyalarımı da paylaşmaq istəyirəm:
  • 2013-cü ildə çıxacaq filmin trailerini görmüşdüm deyə, Qetsbini Leonardo Di Kaprio kimi təsəvvür edirdim.
  • Qetsbinin villası və oraya axışan qonaqlar Cek Londonun gözəllik rançosunu xatırlatdı.
  • Qetsbinin özünü hərdən J.Ostinin Mr. Ventfortuna bənzədirdim, amma onun daha qürursuz, daha sadəlövh versiyasına.







Thursday, September 13, 2012

Vakansiya

"Orta statistik Azərbaycan" layihəsində layihə meneceri.

Tələblər

  • Müdirin yaxın qohumu olmaq.
  • Ən azı iki il qohum olan müdirə bayramlarda zəng edib, hədiyyə almaq.
  • Xəbərçilik etmək bacarığı.
  • İngilis və rus dillərini bilməsə də olar, yaltaqlıq dilini bilmək.
  • Müdirin tapşırığı ilə digərlərinin işində səhv tapmaq bacarığı.
  • Konfetin, iş ləvazimatlarının satıldığı ən ucuz yerləri bilmək.
  • Microsoft Word-də mətn yığa bilmək qabiliyyəti (Birdən lazım olar).   
Vəzifələr
  • Kimin nə iş gördüyünü idarə etmək.
  • Yatan, telefonla danışan, ayaqyoluna gedən işçiləri qeyd etmək və operativ surətdə çatdırmaq.
  • Yatmaq, telefonda saatlarla danışmaq.
  • Öz kompyuterində gözünü ancaq və ancaq desktopa zilləmək.
  • Başqalarının monitoruna göz qoymaq.
  • Qohum olan digər işçilərin "hüquqlarını" qorumaq.
  • Tum çırtlamaq.
  • Söhbət etmək.
 
İş rejimi

Bazar ertəsi-Cümə günləri, 09:00 - 18:00 


Əməkhaqqı

Real işləyəndən çox.

Əlaqə

 CV-nizi göndərməyin, onsuz da sizi seçmişik.


Monday, April 23, 2012

"Seçilmişlər" üçün məsləhətlər

Əgər milli toy mərasimlərini açıq şəkildə tənqid edirsinizsə, onda özünüz üçün həmin toydan (üstəlik ən xırda detallarına əməl etmək şərti ilə) etməmək cəsarəti və qətiyyəti tapın! Cəhənnəm edirsinizsə, heç olmasa şəkilləri paylaşmayın.


Əgər muğamı, aşıq müsiqisini və s.-i söyürsünüzsə, onda Telli Borçalı, Üzeyir və başqalarıyla durub-oturmayın. Cəhənnəm edirsinizsə,  barı şəkilləri paylaşmayın.

 
Əgər hakimiyyətdən narazısınızsa, hər fürsətdə söyürsünüzsə, İRƏLİ-yə qoşulmayın. Ceyhun Osmanlı ilə şəkillərinizi də paylaşmayın.

 
Xoşlamadığınız işi görməyin, çünki insanı sözləri ilə əməllərinin sapması qədər heç nə gözdən sala bilməz.

Tuesday, April 10, 2012

Sheki Life (part 2)

Şəkidə hərənin bir ləqəbi var. 

Deyirlər, orda bircə nəfər ləqəbsiz adam varsa, o da saqqal Süleymandır. Özüdə heç bir ləqəb elə-belə qoyulmur, onu daşıyan adamın xarakterik keyfiyyətindən xəbər verir. Bunlar müxtəlif ola bilər, adamın xarici görünüşündən tutmuş peşəsi, xasiyyəti, sosial statusuna kimi. Şəki ləqəbləri içərisində bir çox fauna nümayəndələrinin adlarına rast gəlmək olar: xoruz, tülkü, pişik, bayquş, kəpənək... Xarici görünüş  və xarakter bildirən ləqəblərdən: qara, çəpəndaz, göygöz, dоlma-göz, donqa, qoçu, fransız, yetim, lom, Rоkfеllеr, çinqaçquk, şapalaq, göyə-baxan... siyahı çox uzundur. :)

Ən məşhur ləqəblərdən biri Deqol Əhmədiyyə idi. II Dünya Müharibəsi iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun şəkidəki ləqəbi Deqol idi, onun yaxın dostu, partizan yoldaşı Şarl de Qollun şərəfinə.

Soruşarsınız, bəs sənin ləqəbin nədir? İstisna deyiləm. Amma məndə ailə ləqəbidir. Balaca olanda küçədə bir xala o birinə məni göstərib demişdi:
"- Bu kimdir? - Zincirlərin nəvəsi." Fikirləşdim, "zincirlər" nə deməkdir, yəqin zəncir mənasında deyirlər, bəlkə babamız zəncir düzəldib? Sonra anamgil izah etdilər ki, "zincirlər" yox "zingirlər", axı şəkililər "g" hərfini "c" tələffüz edir. Zingir sözü də Singer sözünün dəyişmiş formasıdır, sən demə atamın babası qardaşı ilə birgə Almaniyadan Singer tikiş maşınları gətirib satırlarmış. Bu söz də ordan qalıb.

Hə, bir də deməliyəm ki, çoxları öz ləqəblərindən məmnun deyil, hətta 90-cı illərdə "Şəki lətifələri" adlı bir kitab çıxmışdı, orada bütün ləqəblərin sihahısı adlarla birgə verilmişdi. Sonrakı nəşrlərdə pul verib öz adını həmin siyahıdan çıxardanlar da tapılmışdı. Bununla belə, yenə də tanımadıqları bir nəfərə özlərini "Mən filankəs Məmmədəm." və ya "Adım Əhməddir, filankəslərdənəm." deyərək təqdim edir və "Həəə, bildim." cavabını alırlar.

Tuesday, February 21, 2012

Lithmetic


Q.Markes bəyənən oğlan + P.Koelyo bəyənən qız = 100 illik tənhalıq;

S.Bekket bəyənən oğlan + S.Bekket bəyənən qız = Absurd;

O.Uayld bəyənən oğlan + C.Ostin bəyənən qız = İdeal Ər;

H.Fildinqi tanımayan oğlan + H.Fildinq bəyənən qız = Xoşbəxtlik;

Z.Freyd bəyənən oğlan + Z.Freydi tanımayan qız = Xoşbəxtlik;

Ç.Abdullayev bəyənən oğlan + D.Dantsova bəyənən qız = 1984;

O.Pamuk bəyənən oğlan + O.Pamuk bəyənən qız = Şöhrətpərəstlik yarmarkası;

L.Tolstoy bəyənən oğlan + M.Mitçel bəyənən qız = Bu haqda sabah fikirləşəcəm;

F.Dostoyevski bəyənən oğlan + E.Səfərli bəyənən qız = Cinayət;

E.Səfərli bəyənən oğlan + F.Dostoyevski bəyənən qız = Cəza;

P.S. Zodornov bəyənən qız + C.Yılmaz bəyənən oğlan = Yaş fərqi;

Friday, January 27, 2012

Darıxıram...

 




Çiçəkləri şamlara oxşayan şabalıd ağacları 
üçün, ətri hər yeri bürüyən qızılgüllərin açdığı May ayı üçün,
gündüz buludlara baxıb oxşar fiqurlar, gecə ulduz bürcləri axtardığımız səma üçün, həll etdiyim saysız-hesabsız tənliklər, bərabərsizliklər, cızdığım qrafiklər üçün,  insanları yaxşı bildiyim və onların həqiqətən yaxşı olduğu vaxtlar üçün, təbiəti insanlardan çox sevib, ona qulluq edən, axşamları bir kötüyün üstündə əyləşib fikrə gedən babam üçün...

Thursday, January 19, 2012

Sheki Life (part 1)

Bu blog yazılarımda Şəki sakinlərinin gündəlik həyatını, məişətini,  maraqlı xatirələrimi paylaşmaq istəyirəm. 
İlk yazılarımı qonşularımıza həsr edəcəm.

Kazım dayı adlı bir qonşumuz var idi, yaşlı kişi idi, tək yaşayırdı. Onun evi bizdən yuxarıda yerləşir, meyvə ağacları isə bizim həyətə əyilirdi. İlboyu işimiz Kazım dayı ilə ortaq barının (Şəkidə divara barı deyirlər.) ətrafını süpürmək olardı. Yaz, yay, payız, qış bu ağaclardan çiçəklər, yarpaqlar, çürümüş meyvələr, budaq qırıqları tökülürdü. Albalı çiçəkləyib tökülürdü, ardından heyvanın çiçəkləmək növbəsi gəlirdi, sonra nar ağacı, yarpaqlarını da beləcə növbə ilə tökürdülər. Bir sözlə, bizimçün həmişə təmizlik işləri var idi. Hərdən yayda divara nərdivan qoyub albalıdan yığırdıq, bunu mənəvi təzminat kimi dəyərləndirirdik. Ən maraqlısı isə o idi ki, Kazım dayı bu ağacların meyvəsini nə yığırdı, nə də yeyirdi. Biz də bir dəfə bu arqumenti əsas gətirərək, atamızı razı saldıq ki, onunla danışsın və ağacların biz tərəfə əyilən budaqlarını kəsməyinə icazə istəsin. Sual edə bilərsiz ki, bunu niyə özümüz öz tərəfimizdən etmirdik. Məsələ onda idi  ki, bizim ev onun evindən iki metr aşağıda olduğundan, bu texniki cəhətdən qeyri-mümkün idi, həm də, yiyəsindən icazəsiz ağac kəsmək neçə əsrlik qonşuluq əlaqələrinə ciddi zərbə vura bilərdi. Atam uzun tərəddüddən sonra Kazım dayının yanına getdi. Bir azdan belə bir cavabla geri qayıtdı: ağaclarının kəsilməsinə heç vaxt razı olmayacaq, çünki bu gözəllikdir və onu məhv etmək olmaz.
Qonşumuz çoxdan rəhmətə gedib, evində heç kim yaşamır, ağacların yarpaqları isə hələ də bizim həyətimizə tökülür.

Followers