Friday, January 27, 2012

Darıxıram...

 




Çiçəkləri şamlara oxşayan şabalıd ağacları 
üçün, ətri hər yeri bürüyən qızılgüllərin açdığı May ayı üçün,
gündüz buludlara baxıb oxşar fiqurlar, gecə ulduz bürcləri axtardığımız səma üçün, həll etdiyim saysız-hesabsız tənliklər, bərabərsizliklər, cızdığım qrafiklər üçün,  insanları yaxşı bildiyim və onların həqiqətən yaxşı olduğu vaxtlar üçün, təbiəti insanlardan çox sevib, ona qulluq edən, axşamları bir kötüyün üstündə əyləşib fikrə gedən babam üçün...

Thursday, January 19, 2012

Sheki Life (part 1)

Bu blog yazılarımda Şəki sakinlərinin gündəlik həyatını, məişətini,  maraqlı xatirələrimi paylaşmaq istəyirəm. 
İlk yazılarımı qonşularımıza həsr edəcəm.

Kazım dayı adlı bir qonşumuz var idi, yaşlı kişi idi, tək yaşayırdı. Onun evi bizdən yuxarıda yerləşir, meyvə ağacları isə bizim həyətə əyilirdi. İlboyu işimiz Kazım dayı ilə ortaq barının (Şəkidə divara barı deyirlər.) ətrafını süpürmək olardı. Yaz, yay, payız, qış bu ağaclardan çiçəklər, yarpaqlar, çürümüş meyvələr, budaq qırıqları tökülürdü. Albalı çiçəkləyib tökülürdü, ardından heyvanın çiçəkləmək növbəsi gəlirdi, sonra nar ağacı, yarpaqlarını da beləcə növbə ilə tökürdülər. Bir sözlə, bizimçün həmişə təmizlik işləri var idi. Hərdən yayda divara nərdivan qoyub albalıdan yığırdıq, bunu mənəvi təzminat kimi dəyərləndirirdik. Ən maraqlısı isə o idi ki, Kazım dayı bu ağacların meyvəsini nə yığırdı, nə də yeyirdi. Biz də bir dəfə bu arqumenti əsas gətirərək, atamızı razı saldıq ki, onunla danışsın və ağacların biz tərəfə əyilən budaqlarını kəsməyinə icazə istəsin. Sual edə bilərsiz ki, bunu niyə özümüz öz tərəfimizdən etmirdik. Məsələ onda idi  ki, bizim ev onun evindən iki metr aşağıda olduğundan, bu texniki cəhətdən qeyri-mümkün idi, həm də, yiyəsindən icazəsiz ağac kəsmək neçə əsrlik qonşuluq əlaqələrinə ciddi zərbə vura bilərdi. Atam uzun tərəddüddən sonra Kazım dayının yanına getdi. Bir azdan belə bir cavabla geri qayıtdı: ağaclarının kəsilməsinə heç vaxt razı olmayacaq, çünki bu gözəllikdir və onu məhv etmək olmaz.
Qonşumuz çoxdan rəhmətə gedib, evində heç kim yaşamır, ağacların yarpaqları isə hələ də bizim həyətimizə tökülür.

Followers