Monday, April 23, 2012

"Seçilmişlər" üçün məsləhətlər

Əgər milli toy mərasimlərini açıq şəkildə tənqid edirsinizsə, onda özünüz üçün həmin toydan (üstəlik ən xırda detallarına əməl etmək şərti ilə) etməmək cəsarəti və qətiyyəti tapın! Cəhənnəm edirsinizsə, heç olmasa şəkilləri paylaşmayın.


Əgər muğamı, aşıq müsiqisini və s.-i söyürsünüzsə, onda Telli Borçalı, Üzeyir və başqalarıyla durub-oturmayın. Cəhənnəm edirsinizsə,  barı şəkilləri paylaşmayın.

 
Əgər hakimiyyətdən narazısınızsa, hər fürsətdə söyürsünüzsə, İRƏLİ-yə qoşulmayın. Ceyhun Osmanlı ilə şəkillərinizi də paylaşmayın.

 
Xoşlamadığınız işi görməyin, çünki insanı sözləri ilə əməllərinin sapması qədər heç nə gözdən sala bilməz.

Tuesday, April 10, 2012

Sheki Life (part 2)

Şəkidə hərənin bir ləqəbi var. 

Deyirlər, orda bircə nəfər ləqəbsiz adam varsa, o da saqqal Süleymandır. Özüdə heç bir ləqəb elə-belə qoyulmur, onu daşıyan adamın xarakterik keyfiyyətindən xəbər verir. Bunlar müxtəlif ola bilər, adamın xarici görünüşündən tutmuş peşəsi, xasiyyəti, sosial statusuna kimi. Şəki ləqəbləri içərisində bir çox fauna nümayəndələrinin adlarına rast gəlmək olar: xoruz, tülkü, pişik, bayquş, kəpənək... Xarici görünüş  və xarakter bildirən ləqəblərdən: qara, çəpəndaz, göygöz, dоlma-göz, donqa, qoçu, fransız, yetim, lom, Rоkfеllеr, çinqaçquk, şapalaq, göyə-baxan... siyahı çox uzundur. :)

Ən məşhur ləqəblərdən biri Deqol Əhmədiyyə idi. II Dünya Müharibəsi iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun şəkidəki ləqəbi Deqol idi, onun yaxın dostu, partizan yoldaşı Şarl de Qollun şərəfinə.

Soruşarsınız, bəs sənin ləqəbin nədir? İstisna deyiləm. Amma məndə ailə ləqəbidir. Balaca olanda küçədə bir xala o birinə məni göstərib demişdi:
"- Bu kimdir? - Zincirlərin nəvəsi." Fikirləşdim, "zincirlər" nə deməkdir, yəqin zəncir mənasında deyirlər, bəlkə babamız zəncir düzəldib? Sonra anamgil izah etdilər ki, "zincirlər" yox "zingirlər", axı şəkililər "g" hərfini "c" tələffüz edir. Zingir sözü də Singer sözünün dəyişmiş formasıdır, sən demə atamın babası qardaşı ilə birgə Almaniyadan Singer tikiş maşınları gətirib satırlarmış. Bu söz də ordan qalıb.

Hə, bir də deməliyəm ki, çoxları öz ləqəblərindən məmnun deyil, hətta 90-cı illərdə "Şəki lətifələri" adlı bir kitab çıxmışdı, orada bütün ləqəblərin sihahısı adlarla birgə verilmişdi. Sonrakı nəşrlərdə pul verib öz adını həmin siyahıdan çıxardanlar da tapılmışdı. Bununla belə, yenə də tanımadıqları bir nəfərə özlərini "Mən filankəs Məmmədəm." və ya "Adım Əhməddir, filankəslərdənəm." deyərək təqdim edir və "Həəə, bildim." cavabını alırlar.

Followers