Monday, January 28, 2013

Məntiqsizliyin məntiqi

Danışmaq istəyirəm imtahanlardan, daha doğrusu "Məntiq" imtahanından. "Uğurlu" təhsil sistemimiz elə qurulub ki, artıq həyatımızın bütün mərhələlərində məntiqdən imtahan veririk: bağçaya uşağımızı göndərəndə, birinci sinfə qoyanda, məktəbdə oxuyarkən (yəqin ən azı 3 dəfə), universitetə qəbul zamanı, ali təhsil alarkən bir kursdan o biri kursa keçmək üçün, oranı bitirəndə, birdən çaşıb magistr dərəcəsi almaq istəsək, sonra bir az da çaşıb phd dərəcəsi almaq istəsək. Hələ işə düzəlmək, müəllimdən, həkimdən olmaq istəyənlərin işə qəbul və attestasiya imtahanlarından danışmıram. 

Bütün bunlardan belə bir məntiqi sual əmələ gəlir: Əgər bir şəxs universiteti bitirərkən məntiq imtahanı veribsə və diplom alıbsa, niyə işə qəbul olunduğu zaman bir də həmin imtahandan keçməlidir? Məsələn, bu xarici dil deyil ki, iki-üç ildən sonra yenidən sertifikat almalı olasan, çünki insan bir dili bir-neçə il işlətməsə unuda bilər. Hansı məntiqlə bunları təyin edirlər? Və ya niyə bir qurum o biri qurumun işinə etibar etmir və əksinə?  Buna cavab versələr, deməli olacaqlar ki, "bəli, təhsil sistemimiz it günündədir. Ona görə də sizə bir az əziyyət veririk, istəyirik həyatınızın bütün etaplarında "and, or, xor" əməliyyatlarını yadınıza salasınız". Amma kimdir bunu etiraf edən? 

Bəlkə, bürokratiyanın bir növüdür? 

Ya da tqdk-nın öz işinə dəlicəsinə aludə olmasının nəticəsi? (onlar az qala axirətə də imtahan testləri hazırlayacaqlar.)

Bəlkə elə təhsil sistemimiz Tanrının məntiqsiz millətimizə verdiyi məntiqli cəzadır? 

P.S. Axırıncı sual ritorik idi, cavab axtarmayın!


Thursday, January 24, 2013

Namus nədir?!

Namusun tək ana-bacıdan ibarət olduğunu hesab edənlər üçün:

Namus - pul və hakimiyyət qarşısında boyun əyməməkdir.
Namus - yaltaqlıq etməməkdir.
Namus - başqasının malını, mülkünü, zəhmətinin bəhrəsini mənimsəməməkdir.
Namus - ac, pulsuz olarkən belə başını dik tutmaqdır.
Namus - həqiqəti ört-basdır etməməkdir.
Namus - uşaqlarının gözündə hələ də qəhrəman qalmağı bacarmaqdır.

P.S. Namusun erkəyi, dişisi, varlısı, kasıbı, qocası, cavanı olmur. O, ya var, ya da yoxdur!

Saturday, January 12, 2013

Həqiqətin təzahürü (Qısa hekayəm 2)

Həqiqətin təzahürü

         Femida sarğını açdı və gözlərinə inanmadı. Əlindəki tərəzi qırıq idi. Onu yerə atıb çıxıb gedərkən son sözlərini söylədi: "Mən artıq bu oyunda iştirak etmirəm!"

Friday, January 11, 2013

Unutmadıqlarım (part 1)

     "Optimallaşdırma üsulları"-ndan dərs deyən müəllimimiz var idi. Adi, tipik universitet müəllimi idi: kiçik boylu, başı bir az keçəlləşmiş, kök və eynəkli. Elə də hörmət sahibi deyildi, sessiyalarda kafedra müdirinə rüşvət almaqda köməklik edərdi. Heç soyadı da yadımda qalmayıb, amma mühazirələrin birində dediyi fikrini heç vaxt unutmuram. Təxminən belə demişdi:

Hər müharibədə ilk öncə ən qoçaq, ən cəsurlar həlak olur. Qalır əksəriyyəti qorxaq olan gənclik. Onlardan sonrakı nəsil də cəsur ola bilmir. Nəticə - müharibə millətin genofondunun qorxaqlaşmasına gətirib çıxarır.  Qarabağ müharibəsi və indiki gənc nəsil buna bariz nümunədir.


Followers