- Hər iki cinsin qocalığının taleyi onların gəncliyinin nəyə sərf edilməsindən asılıdır. M.B.Stendal "Məhəbbət haqqında" ("De L'Amour")
- Dünən rusların bir tolk-şousunun mövzusu həyatda olan veteranlar idi. Qohumları, tanışları onların təbrik videolarını çəkib efirə göndərmişdilər. Sayları artıq barmaqla sayılacaq qədərdir. Baxdıqlarım içində ən cavanının səksən altı yaşı var idi.
- On - on beş dəqiqə baxa bildim, sonra dözmədim: hamısının gözlərindəki dərin kədərə; müharibə haqqında dünən olubmuş kimi danışanda "За Сталина!" deməklərinə; veteranlar evinə atılmış yaşlı qadının dərdli-dərdli ağlamasına və onu unutmuş övladlarından şikayət etməsinə; bir səksən doqquz yaşlı babanın öz əyyaş oğluna qulluq etməsinə və iyirmi beş il daxmada yaşayandan sonra nəhayət təzə evinə köçməsinə; metroda dilənçilik edən nənəyə; başqa bir qadının iki gün qabaq ərinin medallarını oğurlayanlardan onları geri istəməsinə. Sonda da təbrik edirdilər, vətəni sevməyi və qorumağı tövsiyyə edirdilər. Heç birini xoşbəxt görmədim. Demək qazandıqları qələbə Pir qələbəsi imiş.

Tuesday, May 7, 2013
Pir qələbəsi
Monday, March 18, 2013
Zirzəmi

Adam oxuduqca elə bilir özü zirzəmidədir, boğulur, çarəsizcəsinə çıxış yolu axtarır və sona qədər müəllifin insafına ümid edir. Amma yox, müəllif bizi sevindirmir, zira həqiqətdə olduğu kimi despotlar əllərində olduqlarını itirməyə heç vaxt razı olmazlar. Onlar idarə etdikləri vəziyyəti heç vaxt boş buraxmaz, yalandan vədlər verər, ümid yeri qoyar, hakimiyyəti əldən verməzlər. Ən nifrət etdikləri şey isə əsarətlərində olanların azadlıq istəkləridir.
Əsərdən sonra qəribə hisslər qalır, suallar yaranır. Ətrafımızda nə qədər Kalibanlar var? Bizi sıxan, hüquqlarımı pozan, arzu və xəyallarımızın həyata keçməsinə mane olan neçə Kaliban var? Xilas yolumuz varmı? Varsa, nədədir?
Məgər biz özümüz zirzəmidə yaşamırıq?! Nə olsun ki, göy üzü açıqdır, ulduzları ki görmürük.
Friday, February 1, 2013
Söz Silkələyən Qız
Yeni ilin ilk kitablarından biri Leylək Xəlifənin bloqunda (http://leylekxelife.blogspot.com) tanış olduğum Markus Zusakın "Kitab oğrusu" əsəri oldu. Əsərin sujetini, personajları və yazı üslubunu çox bəyəndim. Əsas mövzusu müharibə və antisemitizm, kitablar və sözlərdir. İkinci dünya müharibəsi illərində Almaniyanın kiçik bir şəhərində Lizel adlı balaca qızın həyatı təsvir olunur. Lizel üçün kitablar hər şeydir, başqaları üçün aclıq nədirsə, Lizel üçün kitabsızlıq odur. Lizelin valideynləri isə evlərinin zirzəmisində Maks adlı yəhudi gənci gizlədirlər. Maks öz şəhərindən Lizelgilə gələnədək ifşa olunmamaq üçün əlində Hitlerin "Mein Kampf" ("Mənim Mübarizəm") kitabını gətirir. Zirzəmidə qaldığı müddətdə isə bu kitabın vərəqlərini ağ rəngə boyayaraq Lizel üçün kiçik pritça-nağıl yazır. Nağıl o qədər xoşuma gəldi ki, tərcümə edib paylaşmaq qərarına gəldim.
Məncə bu hekayə tək Hitler rejimi haqqında deyil, sözləri anlayanlar onda gizli mənalar da tapacağına əminəm. Həmin hekayədə deyildiyi kimi - ancaq sözlərin əsl mənasını anlayanlar ən yüksəyə qalxa bilirlər, onları anlamaq üçün isə vicdanın olması kifayətdir.
"Söz silkələyən qız"
* * * Səhifə 116* * *
Lizel, az qala bu hekayənin üstündən xətt
çəkəcəkdim. Elə bilirdim, sən artıq belə nağıllar üçün çox böyüksən, amma, bəlkə
bu böyüklərə də maraqlı olar. Sənin haqqında, kitabların və sözlərin haqqında
düşünürdüm və ağlıma belə bir qəribə hekayə gəldi. Onda xeyirli bir şey tapacağına
ümid edirəm.
Lizel səhifəni çevirdi.
Lizel səhifəni çevirdi.
Biri var idi, biri yox idi, bir qəribə
adam var idi. O, qərara almışdı ki, həyatında üç şey əsas olacaq:
1. O, saçlarını hamı kimi deyil, əks tərəfə darayacaq.
2. Balaca qəribə bığları olacaq.
3. Günlərin bir günü o, bütün dünyanı idarə edəcək.
Cavan oğlan çox uzun zaman gəzib
dolaşdı, dünyanı necə əldə edəcəyi haqda düşünür, planlar qurub hesablar
aparırdı. Və budur bir dəfə qəflətən ağlına ideal plan gəldi. O, uşağı ilə
gəzən ana gördü. Anası uşağını ağlayanadək uzun-uzadı danladı. Bir neçə
dəqiqədən sonra isə onunla çox mülayim danışdı və oğlan sakitləşdi, hətta
gülümsədi də. Cavan oğlan ananın üstünə atılıb, onu qucaqladı.
- Sözlər! - gülümsədi.
- Nə?
Cavab olmadı. O, artıq qaçırdı.
Bəli, fürer dünyanı sözlərlə fəth
edəcəyini qərarlaşdırdı.
- Mən bir dəfə də olsa atəş açmayacağam. - qət etdi. - Bu mənə lazım
olmayacaq.
Lakin, o, heç də düşüncəsiz biri deyildi. Ən azı bunda haqqını vermək
lazımdır. O, qətiyyən ağılsız deyildi. Hücumun başlanğıcı üçün sözləri öz
ölkəsinin mümkün olan hər yerində əkməyi fikirləşdi. Onları gecə-gündüz əkirdi,
qulluq edirdi. Böyümələrinə tamaşa edirdi və budur günlərin bir günü söz
meşələri bütün Almaniyaya səs saldı... Ora becərdilmiş fikirlər ölkəsinə
çevrildi.
Sözlər böyüdükcə bizim gənc fürerimiz
nişanlar yetişdirmək üçün başqa toxumlar da səpdi və bu cücərtilər də
çiçəkləmək üzrə idilər. Vaxt yetişdi. Fürer işə başladı. Öz əlləri ilə meşədən
topladığı ən gözəl, ən çirkin sözlərlə xalqı tovlayaraq öz şövkətli ürəyinə
dəvət etdi. Və insanlar axışıb gəldilər. Hamısını konveyerə qoyub bir-neçə
saniyədə onlara yeni həyat bəxş edən, dayanmayan maşından keçirirdilər. Zaman
yoxa çıxırdı və indi insanlar ancaq onlara lazım olan şeyləri bilirdi. Onlar
hipnoz olunurdular. Sonra münasib nişanları payladılar və hamı xoşbəxt oldu.
Tezliklə məşhur iyrənc sözlərə və nişanlara tələbat
o qədər artdı ki, böyüyən meşələrə qulluq etmək üçün çoxlu adam lazım oldu.
Bəzilərinin işi ağaclara çıxıb sözləri aşağıda duranlara atmaqdan ibarət idi. Yığılan
sözləri fürer xalqının qalıqlarına verirdilər, hələ əlavə üçün gələnlərdən
danışmırıq.
Ağaclara çıxan adamlara
söz silkələyən deyirdilər. Ən yaxşı söz silkələyənlər sözlərin əsl gücünü
anlayanlar olurdu. Onlar həmişə hamıdan yuxarıya dırmaşa bilirdilər. Belə söz silkələyənlərdən
biri balaca arıq bir qız idi. O, öz meşəsinin ən yaxşısı hesab olunurdu, çünki
insanın sözlərsiz necə aciz olduğunu bilirdi. Buna görə də o, hamıdan yuxarıya
çıxmağı bacarırdı. Onda hərislik var idi, söz hərisliyi.
Amma bir dəfə o, elə bir
insana rast gəldi ki, eyni ölkədə doğulmasına baxmayaraq, hamı ona nifrət
bəsləyirdi. Onlar dost oldular və bu adam xəstələndi, söz silkələyən qız onun
üzünə tək bir damla göz yaşını axıtdı. Göz yaşı dostluqdan - bir sözdən - əmələ
gəlmişdi, o qurudu və tuma çevrildi. Qız növbəti dəfə meşəyə gedəndə həmin tumu
başqa ağacların arasında torpağa basdırdı. Və hər gün işdən əvvəl və sonra
sulamağa başladı. Əvvəlcə heç nə dəyişmirdi, amma bir dəfə axşamçağı, söz silkələdiyi
iş gününün sonunda qız tuma baxmağa gələrkən gördü ki, torpaqdan kiçik cücərti
baş qaldırıb. Qız ona uzun-uzadı baxdı. Ağac hər gün başqalarından daha sürətlə
böyüyürdü və nəhayət bütün meşədə ən hündür ağaca çevrildi. Hamı ona tamaşa
etməyə gəlirdi. Pıçıldaşıb gözləyirdilər... füreri.
Qəzəblənmiş fürer dərhal
ağacın kəsilməli olduğunu elan etdi. Bu vaxt camaatın arasından söz silkələyən
qız çıxdı. O, diz çökdü.
- Xahiş edirəm, - ağladı - ağacımı kəsməyin.
Ancaq bu fürerə təsir etmədi. O, qaydadan istisnaya imkan verə
bilməzdi. Söz silkələyən qızı kənara çəkdilər, fürer isə öz köməkçisinə
çevrilib dedi:
Bu zaman söz silkələyən qız onu tutanların əlindən çıxıb qaçdı. O,
ağaca dırmaşdı, hətta fürerin baltası ağacın gövdəsinə batanda belə çıxmağa davam
etdi və ən yuxarıdakı budaqlara çatdı. Aşağıdan qarışıq səslər və balta
taqqıltısını eşidirdi. Yanından buludlar ötürdü, onlar sanki boz ürəkli ağ
bədheybətlər idi. Qorxmuş, ancaq inadcıl olan qız aşağı düşmürdü. Elə hey
ağacın yıxılmasını gözləyirdi. Amma ağac tərpənmədi. Üstündən saatlar keçdi,
lakin fürerin baltası ağacın gövdəsindən heç kiçik yonqar da qoparda bilmədi.
Əldən düşən fürer başqa birinə davam etməyi əmr etdi.
Günlər keçdi. Onları
həftələr əvəz etdi. Yüz doxsan altı əsgər söz silkələyən qızın ağacına heç bir
ziyan vura bilmədi.
- Axı o, orada nə yeyir? - insanlar soruşurdu. - Harada yatır?
Onlar bilmirdilər ki, digər söz silkələyənlər ona ərzaq atır və qız
aşağı budaqlara enib onları götürür.
Yağış yağırdı. Qar yağırdı. Fəsillər bir-birini əvəz edirdi. Söz
silkələyən qız aşağı düşmürdü.
Sonuncu ağackəsən təslim olanda, qışqırdı:
- Ey, sözsilkələyən! Düşə bilərsən! Ağacını heç kim kəsə bilməz.
O adamın kəlmələrini güclə eşidən qız pıçıltı ilə cavab verdi.
Sözləri budaqların arasından aşağı ötürdü.
- Yox, sağ olun - dedi, zira bilirdi ki, ağacı yıxılmağa qoymayan tək
özüdür.
Nə qədər vaxt keçdiyini
heç kəs bilmir, bir dəfə şəhərə yeni ağackəsən gəldi. Kisənin ağırlığından beli
bükülmüşdü. Gözləri axırdı. Ayaqları əyilmişdi.
- Ağac? - adamlardan soruşurdu. - Ağac hardadır?
Camaat onun ardınca düşdü. Ağaca gəlib çatanda üstdəki budaqlar artıq
buludların arasında gizlənirdilər. Söz silkələyən qız sözləri çətinliklə eşidirdi,
adamlar ona yeni ağackəsənin gəldiyini və onun növbətçiliyinə son qoyacağını
qışqırırdı.
- O, aşağı enməyəcək - insanlar deyirdi, - heç kəsin yanına
düşməyəcək.
Onlar ağackəsənin kim olduğu bilmirdilər və bilmirdilər ki, o, heç
vaxt geri çəkilmir. O, kisəsini açdı, oradan balta deyil, balaca bir şey
çıxartdı. Adamlar gülüşdülər.
Gənc qulaq asmırdı. Özü
üçün kisəni eşələyərək mismarları axtarırdı. Üç mismarı götürdü, dördüncünü isə
ağaca vurmağa cəhd etdi. Ağacın aşağı budaqları yerdən çox hündürdə idi, o
hesablamışdı ki, birinci budağa çatmaq üçün dörd mismar lazım olacaq.
- Bir bu axmağa baxın - tamaşaçılardan biri çığırdı. - Heç kim ağacı
balta ilə aşıra bilməyib, bu isə elə bilir, bacaracaq... Və bu an tamaşaçı
susdu.
İlk mismar beş zərbədən sonra ağaca girdi və möhkəm oturdu. Sonra
ikinci mismar girdi və cavan adam gövdə ilə yuxarı dırmaşmağa başladı. Dördüncü
mismardan sonra o, budaqlara çatdı və qalxmağa davam etdi. Çox istəyirdi qışqırsın,
ağaca çıxdığını desin, amma bunu etməmək qərarına gəldi. Sanki, ağacın başına
gəlib çatanacan çoxlu kilometrlər keçdi və bu çox saat çəkdi. Ağacın başına
çatanda isə gördü ki, söz silkələyən qız ədyal və buludlara bürünüb yatıb. Çox
dəqiqələr ərzində qıza baxdı. Günəş istisi buludlu örtüyü qızdırırdı. Gənc
əlini uzanıb qızın dirsəyinə toxundu və o, yuxudan oyandı. Gözlərini ovxaladı
və oğlanın üzünə xeyli baxdıqdan sonra danışmağa başladı.
- Bu doğrudan da sənsən?
Mən sənin üzündən, düşünürdü, tum dənəsini götürmüşdüm?
Adam başını yellədi. Onun ürəyi əsdi və budaqlardan daha möhkəm
yapışdı.
Birlikdə ağacın başında oturmuşdular. Buludların dağılmasını
gözləyirdilər, onlar aralanan kimi isə bütün meşəni gördülər.
- Meşə durmadan böyüyür, - qız dedi.
Onlar bir-birinə doyunca
baxıb danışandan sonra düşməyə başladılar. Ədyal və yemək ehtiyatlarını
yuxarıda qoydular. Adamlar gözlərinə inana bilmirdilər, söz silkələyən qızla
cavan oğlan ayaqlarını yerə basanda isə ağacda nəhayət balta yarıqları əmələ
gəlməyə başladı. Qançırlar. Gövdədə kəsiklər və ətraf titrədi.
- O yıxılır! - cavan qadın qışqırdı. - Ağac aşır! - Haqlı idi. Söz
silkələyən qızın ağacı bütün çox kilometrlik boyu ilə yavaş-yavaş əyilməyə
başladı. Yer onu çəkirdi və ağac inildəyirdi.
Dünya silkələndi, hər şey sakitləşəndə isə ağac meşənin ortasında
uzanıb qalmışdı. Meşəyə onsuz da heç nə ola bilməzdi, amma ən azından onda
tamam başqa rəngdə bir cığır açılmışdı.
Söz silkələyən qız və
cavan oğlan üfüqi gövdənin üstünə çıxdılar. Budaqlardan adlayaraq irəli
addımladılar. Geri dönüb baxarkən isə gördülər ki, tamaşa edənlərin çoxu öz
yerlərinə dağılışmağa başlayıb. Bəziləri o tərəfə. Bəziləri bu tərəfə. Bütün
meşəyə. Amma qabağa getdikcə onlar bir neçə dəfə də dayanıb ətrafa qulaq
asdılar. Onlara elə gəlirdi ki, arxadan, söz silkələyən qızın ağacından səslər
və sözlər eşidilir.
Monday, January 28, 2013
Məntiqsizliyin məntiqi
Danışmaq istəyirəm imtahanlardan, daha doğrusu "Məntiq" imtahanından. "Uğurlu" təhsil sistemimiz elə qurulub ki, artıq həyatımızın bütün mərhələlərində məntiqdən imtahan veririk: bağçaya uşağımızı göndərəndə, birinci sinfə qoyanda, məktəbdə oxuyarkən (yəqin ən azı 3 dəfə), universitetə qəbul zamanı, ali təhsil alarkən bir kursdan o biri kursa keçmək üçün, oranı bitirəndə, birdən çaşıb magistr dərəcəsi almaq istəsək, sonra bir az da çaşıb phd dərəcəsi almaq istəsək. Hələ işə düzəlmək, müəllimdən, həkimdən olmaq istəyənlərin işə qəbul və attestasiya imtahanlarından danışmıram.
Bütün bunlardan belə bir məntiqi sual əmələ gəlir: Əgər bir şəxs universiteti bitirərkən məntiq imtahanı veribsə və diplom alıbsa, niyə işə qəbul olunduğu zaman bir də həmin imtahandan keçməlidir? Məsələn, bu xarici dil deyil ki, iki-üç ildən sonra yenidən sertifikat
almalı olasan, çünki insan bir dili bir-neçə il işlətməsə unuda bilər. Hansı məntiqlə bunları təyin edirlər? Və ya niyə bir qurum o biri qurumun işinə etibar etmir və əksinə? Buna cavab versələr, deməli olacaqlar ki, "bəli, təhsil sistemimiz it günündədir. Ona görə də sizə bir az əziyyət veririk, istəyirik həyatınızın bütün etaplarında "and, or, xor" əməliyyatlarını yadınıza salasınız". Amma kimdir bunu etiraf edən?
Bəlkə, bürokratiyanın bir növüdür?
Ya da tqdk-nın öz işinə dəlicəsinə aludə olmasının nəticəsi? (onlar az qala axirətə də imtahan testləri hazırlayacaqlar.)
Bəlkə elə təhsil sistemimiz Tanrının məntiqsiz millətimizə verdiyi məntiqli cəzadır?
P.S. Axırıncı sual ritorik idi, cavab axtarmayın!
Thursday, January 24, 2013
Namus nədir?!
Namusun tək ana-bacıdan ibarət olduğunu hesab edənlər üçün:
Namus - pul və hakimiyyət qarşısında boyun əyməməkdir.
Namus - yaltaqlıq etməməkdir.
Namus - başqasının malını, mülkünü, zəhmətinin bəhrəsini mənimsəməməkdir.
Namus - ac, pulsuz olarkən belə başını dik tutmaqdır.
Namus - həqiqəti ört-basdır etməməkdir.
Namus - uşaqlarının gözündə hələ də qəhrəman qalmağı bacarmaqdır.
P.S. Namusun erkəyi, dişisi, varlısı, kasıbı, qocası, cavanı olmur. O, ya var, ya da yoxdur!
Namus - pul və hakimiyyət qarşısında boyun əyməməkdir.
Namus - yaltaqlıq etməməkdir.
Namus - başqasının malını, mülkünü, zəhmətinin bəhrəsini mənimsəməməkdir.
Namus - ac, pulsuz olarkən belə başını dik tutmaqdır.
Namus - həqiqəti ört-basdır etməməkdir.
Namus - uşaqlarının gözündə hələ də qəhrəman qalmağı bacarmaqdır.
P.S. Namusun erkəyi, dişisi, varlısı, kasıbı, qocası, cavanı olmur. O, ya var, ya da yoxdur!
Saturday, January 12, 2013
Həqiqətin təzahürü (Qısa hekayəm 2)
Femida sarğını açdı və gözlərinə inanmadı. Əlindəki tərəzi qırıq idi. Onu yerə atıb çıxıb gedərkən son sözlərini söylədi: "Mən artıq bu oyunda iştirak etmirəm!"
Friday, January 11, 2013
Unutmadıqlarım (part 1)
"Optimallaşdırma üsulları"-ndan dərs deyən müəllimimiz var idi. Adi, tipik universitet müəllimi idi: kiçik boylu, başı bir az keçəlləşmiş, kök və eynəkli. Elə də hörmət sahibi deyildi, sessiyalarda kafedra müdirinə rüşvət almaqda köməklik edərdi. Heç soyadı da yadımda qalmayıb, amma mühazirələrin birində dediyi fikrini heç vaxt unutmuram. Təxminən belə demişdi:
Hər müharibədə ilk öncə ən qoçaq, ən cəsurlar həlak olur. Qalır əksəriyyəti qorxaq olan gənclik. Onlardan sonrakı nəsil də cəsur ola bilmir. Nəticə - müharibə millətin genofondunun qorxaqlaşmasına gətirib çıxarır. Qarabağ müharibəsi və indiki gənc nəsil buna bariz nümunədir.
Subscribe to:
Posts (Atom)