Showing posts with label kko. Show all posts
Showing posts with label kko. Show all posts

Tuesday, February 11, 2014

Steynbek

Steynbek öz dili, qəhrəmanları və hekayələri ilə ən sevimli yazıçılarımdan biri oldu. Onun əsərləri düşündürür, oxuyandan sonra uzun müddət başında fırlanır və bütün fikirlərini zəbt edir.

İlk tanışlığım "İnsanlar və siçanlar haqqında" əsəri ilə başladı. Lamiyə ilə oxuyub özümüzü Corc və Lenniyə bənzədirdik, Curley də o vaxtki şefimizin oğlu idi. Hər dəfə işdən və həyatdan bezəndə isə "Bizim fermamız, dovşanlarımız olacaq" deyib keçirdik.

Sonra "Mirvari" hekayəsini oxudum. Əsər mirvari çıxaran Kinonun dünyanın ən gözəl mirvarisini tapması və bundan sonra başına gələn faciə haqqındadır. "Mirvari"-nin sonu mənə Çingiz Aytmatovun "Edam kötüyü" əsərini xatırlatmışdı. Məncə əsərin ən gözəl hissəsi proloqu idi:

"In the town they tell the story of the great pearl- how it was found 
and how it was lost again. They tell of Kino, the fisherman, and of his 
wife, Juana, and of the baby, Coyotito. And because the story has been 
told so often, it has taken root in every man's mind. And, as with all 
retold tales that are in people's hearts, there are only good and bad 
things and black and white things and good and evil things and no in-
between anywhere. 

"If this story is a parable, perhaps everyone takes his own meaning 
from it and reads his own life into it. In any case, they say in the 
town that..." 

Və keçən il yarımçıq-qalan-kitablar siyahısında birinci yerdə dayanan "Qayğılarımızın qışı" romanı. Dünən oxuyub qurtardım. Kitab Amerika arzusu, pul, düzlərin düzdə qalması (anamın tez-tez işlətdiyi məsəldir :) ) teoreminin isbatı haqqındadır. Seçim haqqındadır. Ya vicdanlı və dürüst olub uğursuz, kasıb və gözəgörünməz qalmalısan. Ya da əksinə, prinsiplərini qatlayıb sandığa qoyub qıfıllamalısan. Təbiətində pislik etmək olanlar üçün bu çox asandır. Olmayanlar isə hansı yolu seçməyindən asılı olmayaraq əzab çəkəcəklər. Əlbəttə, prinsiplərə tüpürməyin əzabı daha çox olur.

Steynbekin göstərdiyi bu sadə həqiqətdə ən qorxulu və kədərli məqam odur ki, hər birimiz İten ola bilərik. Zira, hər birimizi qova-qova sonda alçaqlıq etməyə məcbur edən cəmiyyət və mühit var. Amma bu səbəb deyil. Bəraət də deyil. Seçim məsələsidir. Əsas seçim etdikdən sonra onunla yaşaya bilməkdir.

P.S. Lamiyə də, mən də ən çox İtenin arvadı Meriyə etdiyi xitabları bəyəndik. Yadımda qalanlar :)
лепешечка моя
моя прелестная жена
моя былинка
моя сонливая старушка
белая моя птица
родная моя родинка
моя прелесть, огонек в тумане жизни
моя козявка
Милая моя каротелька
дорогая моя радость
моя чаша Грааля

P.P.S. Tezliklə əsərdən olan qeydləri kko-da oxuya biləcəksiniz, Lamiyə tərcümə edib :) .


Monday, December 23, 2013

İlin kitabları - 2013

Təəssüf ki, bu il çox kitab oxuya bilmədim. Depressiya böyük idi :)
Ənənəyə sadiq qalaraq bu ilki kitablardan 10-nu bir sözlə ifadə etməyə çalışdım. Onu da deyim ki, bəzi əsərlər üçün həmin o bir sözü seçmək çox çətindir. Məsələn, "Anna Karenina"-nı hansı sözlə ifadə edəsən? Mən o sözü tapa bilmədim.




1. Tennesi Villiams "Arzu tramvayı"
Ümidsizlik

2. Markus Zusak "Kitab oğrusu"
Sözlər

3. Con Faulz "Kolleksiyaçı"
Zirzəmi

4. Muriel Barberi "Kirpinin zərifliyi"
Gizlənpaç

5. Ejen İonesko "Keçəl müğənni"
Absurd

6. Volter "Kandid"
Axtarış

7. Skot Fitzcerald "Zərifdir gecə"
Yanılma

8. Xalid Hüsseyni "Və dağlardan səda gəldi"
Peşmanlıq

9. Con Steinbek "Mirvari"
Faciə

10. Stendal "Məhəbbət haqqında"
Məhəbbət

Friday, February 1, 2013

Söz Silkələyən Qız


     Yeni ilin ilk kitablarından biri Leylək Xəlifənin bloqunda (http://leylekxelife.blogspot.com) tanış olduğum Markus Zusakın "Kitab oğrusu" əsəri oldu. Əsərin sujetini, personajları və yazı üslubunu çox bəyəndim. Əsas mövzusu müharibə və antisemitizm, kitablar və sözlərdir. İkinci dünya müharibəsi illərində Almaniyanın kiçik bir şəhərində Lizel adlı balaca qızın həyatı təsvir olunur. Lizel üçün kitablar hər şeydir, başqaları üçün aclıq nədirsə, Lizel üçün kitabsızlıq odur.  Lizelin valideynləri isə evlərinin zirzəmisində Maks adlı yəhudi gənci gizlədirlər. Maks öz şəhərindən Lizelgilə gələnədək ifşa olunmamaq üçün əlində Hitlerin "Mein Kampf" ("Mənim Mübarizəm") kitabını gətirir. Zirzəmidə qaldığı müddətdə isə bu kitabın vərəqlərini ağ rəngə boyayaraq Lizel üçün kiçik pritça-nağıl yazır. Nağıl o qədər xoşuma gəldi ki, tərcümə edib paylaşmaq qərarına gəldim. 
     Məncə bu hekayə tək Hitler rejimi haqqında deyil, sözləri anlayanlar onda gizli mənalar da tapacağına əminəm. Həmin hekayədə deyildiyi kimi - ancaq sözlərin əsl mənasını anlayanlar ən yüksəyə qalxa bilirlər, onları anlamaq üçün isə vicdanın olması kifayətdir.


"Söz silkələyən qız"


* * * Səhifə 116* * *
     Lizel, az qala bu hekayənin üstündən xətt çəkəcəkdim. Elə bilirdim, sən artıq belə nağıllar üçün çox böyüksən, amma, bəlkə bu böyüklərə də maraqlı olar. Sənin haqqında, kitabların və sözlərin haqqında düşünürdüm və ağlıma belə bir qəribə hekayə gəldi. Onda xeyirli bir şey tapacağına ümid edirəm.
Lizel səhifəni çevirdi.


* * * Səhifə 117* * *
      Biri var idi, biri yox idi, bir qəribə adam var idi. O, qərara almışdı ki, həyatında üç şey əsas olacaq:
1. O, saçlarını hamı kimi deyil, əks tərəfə darayacaq.
2. Balaca qəribə bığları olacaq.
3. Günlərin bir günü o, bütün dünyanı idarə edəcək.

      Cavan oğlan çox uzun zaman gəzib dolaşdı, dünyanı necə əldə edəcəyi haqda düşünür, planlar qurub hesablar aparırdı. Və budur bir dəfə qəflətən ağlına ideal plan gəldi. O, uşağı ilə gəzən ana gördü. Anası uşağını ağlayanadək uzun-uzadı danladı. Bir neçə dəqiqədən sonra isə onunla çox mülayim danışdı və oğlan sakitləşdi, hətta gülümsədi də. Cavan oğlan ananın üstünə atılıb, onu qucaqladı.
- Sözlər! - gülümsədi.
- Nə?
Cavab olmadı. O, artıq qaçırdı.

      Bəli, fürer dünyanı sözlərlə fəth edəcəyini qərarlaşdırdı.
- Mən bir dəfə də olsa atəş açmayacağam. - qət etdi. - Bu mənə lazım olmayacaq.
Lakin, o, heç də düşüncəsiz biri deyildi. Ən azı bunda haqqını vermək lazımdır. O, qətiyyən ağılsız deyildi. Hücumun başlanğıcı üçün sözləri öz ölkəsinin mümkün olan hər yerində əkməyi fikirləşdi. Onları gecə-gündüz əkirdi, qulluq edirdi. Böyümələrinə tamaşa edirdi və budur günlərin bir günü söz meşələri bütün Almaniyaya səs saldı... Ora becərdilmiş fikirlər ölkəsinə çevrildi.

     Sözlər böyüdükcə bizim gənc fürerimiz nişanlar yetişdirmək üçün başqa toxumlar da səpdi və bu cücərtilər də çiçəkləmək üzrə idilər. Vaxt yetişdi. Fürer işə başladı. Öz əlləri ilə meşədən topladığı ən gözəl, ən çirkin sözlərlə xalqı tovlayaraq öz şövkətli ürəyinə dəvət etdi. Və insanlar axışıb gəldilər. Hamısını konveyerə qoyub bir-neçə saniyədə onlara yeni həyat bəxş edən, dayanmayan maşından keçirirdilər. Zaman yoxa çıxırdı və indi insanlar ancaq onlara lazım olan şeyləri bilirdi. Onlar hipnoz olunurdular. Sonra münasib nişanları payladılar və hamı xoşbəxt oldu.

     Tezliklə məşhur iyrənc sözlərə və nişanlara tələbat o qədər artdı ki, böyüyən meşələrə qulluq etmək üçün çoxlu adam lazım oldu. Bəzilərinin işi ağaclara çıxıb sözləri aşağıda duranlara atmaqdan ibarət idi. Yığılan sözləri fürer xalqının qalıqlarına verirdilər, hələ əlavə üçün gələnlərdən danışmırıq.
     Ağaclara çıxan adamlara söz silkələyən deyirdilər. Ən yaxşı söz silkələyənlər sözlərin əsl gücünü anlayanlar olurdu. Onlar həmişə hamıdan yuxarıya dırmaşa bilirdilər. Belə söz silkələyənlərdən biri balaca arıq bir qız idi. O, öz meşəsinin ən yaxşısı hesab olunurdu, çünki insanın sözlərsiz necə aciz olduğunu bilirdi. Buna görə də o, hamıdan yuxarıya çıxmağı bacarırdı. Onda hərislik var idi, söz hərisliyi.
     Amma bir dəfə o, elə bir insana rast gəldi ki, eyni ölkədə doğulmasına baxmayaraq, hamı ona nifrət bəsləyirdi. Onlar dost oldular və bu adam xəstələndi, söz silkələyən qız onun üzünə tək bir damla göz yaşını axıtdı. Göz yaşı dostluqdan - bir sözdən - əmələ gəlmişdi, o qurudu və tuma çevrildi. Qız növbəti dəfə meşəyə gedəndə həmin tumu başqa ağacların arasında torpağa basdırdı. Və hər gün işdən əvvəl və sonra sulamağa başladı. Əvvəlcə heç nə dəyişmirdi, amma bir dəfə axşamçağı, söz silkələdiyi iş gününün sonunda qız tuma baxmağa gələrkən gördü ki, torpaqdan kiçik cücərti baş qaldırıb. Qız ona uzun-uzadı baxdı. Ağac hər gün başqalarından daha sürətlə böyüyürdü və nəhayət bütün meşədə ən hündür ağaca çevrildi. Hamı ona tamaşa etməyə gəlirdi. Pıçıldaşıb gözləyirdilər... füreri.
     Qəzəblənmiş fürer dərhal ağacın kəsilməli olduğunu elan etdi. Bu vaxt camaatın arasından söz silkələyən qız çıxdı. O, diz çökdü.
- Xahiş edirəm, - ağladı - ağacımı kəsməyin.
Ancaq bu fürerə təsir etmədi. O, qaydadan istisnaya imkan verə bilməzdi. Söz silkələyən qızı kənara çəkdilər, fürer isə öz köməkçisinə çevrilib dedi:
- Baltanı, zəhmət olmasa.
Bu zaman söz silkələyən qız onu tutanların əlindən çıxıb qaçdı. O, ağaca dırmaşdı, hətta fürerin baltası ağacın gövdəsinə batanda belə çıxmağa davam etdi və ən yuxarıdakı budaqlara çatdı. Aşağıdan qarışıq səslər və balta taqqıltısını eşidirdi. Yanından buludlar ötürdü, onlar sanki boz ürəkli ağ bədheybətlər idi. Qorxmuş, ancaq inadcıl olan qız aşağı düşmürdü. Elə hey ağacın yıxılmasını gözləyirdi. Amma ağac tərpənmədi. Üstündən saatlar keçdi, lakin fürerin baltası ağacın gövdəsindən heç kiçik yonqar da qoparda bilmədi. Əldən düşən fürer başqa birinə davam etməyi əmr etdi.
    
     Günlər keçdi. Onları həftələr əvəz etdi. Yüz doxsan altı əsgər söz silkələyən qızın ağacına heç bir ziyan vura bilmədi. 
- Axı o, orada nə yeyir? - insanlar soruşurdu. - Harada yatır?
Onlar bilmirdilər ki, digər söz silkələyənlər ona ərzaq atır və qız aşağı budaqlara enib onları götürür.
Yağış yağırdı. Qar yağırdı. Fəsillər bir-birini əvəz edirdi. Söz silkələyən qız aşağı düşmürdü.
Sonuncu ağackəsən təslim olanda, qışqırdı:
- Ey, sözsilkələyən! Düşə bilərsən! Ağacını heç kim kəsə bilməz.
O adamın kəlmələrini güclə eşidən qız pıçıltı ilə cavab verdi. Sözləri budaqların arasından aşağı ötürdü.
- Yox, sağ olun - dedi, zira bilirdi ki, ağacı yıxılmağa qoymayan tək özüdür.
     
     Nə qədər vaxt keçdiyini heç kəs bilmir, bir dəfə şəhərə yeni ağackəsən gəldi. Kisənin ağırlığından beli bükülmüşdü. Gözləri axırdı. Ayaqları əyilmişdi.
- Ağac? - adamlardan soruşurdu. - Ağac hardadır?
Camaat onun ardınca düşdü. Ağaca gəlib çatanda üstdəki budaqlar artıq buludların arasında gizlənirdilər. Söz silkələyən qız sözləri çətinliklə eşidirdi, adamlar ona yeni ağackəsənin gəldiyini və onun növbətçiliyinə son qoyacağını qışqırırdı.
- O, aşağı enməyəcək - insanlar deyirdi, - heç kəsin yanına düşməyəcək.
Onlar ağackəsənin kim olduğu bilmirdilər və bilmirdilər ki, o, heç vaxt geri çəkilmir. O, kisəsini açdı, oradan balta deyil, balaca bir şey çıxartdı. Adamlar gülüşdülər.
- Köhnə çəkiclə ağacı qırmazsan! - dedilər.
     Gənc qulaq asmırdı. Özü üçün kisəni eşələyərək mismarları axtarırdı. Üç mismarı götürdü, dördüncünü isə ağaca vurmağa cəhd etdi. Ağacın aşağı budaqları yerdən çox hündürdə idi, o hesablamışdı ki, birinci budağa çatmaq üçün dörd mismar lazım olacaq.
- Bir bu axmağa baxın - tamaşaçılardan biri çığırdı. - Heç kim ağacı balta ilə aşıra bilməyib, bu isə elə bilir, bacaracaq... Və bu an tamaşaçı susdu.
İlk mismar beş zərbədən sonra ağaca girdi və möhkəm oturdu. Sonra ikinci mismar girdi və cavan adam gövdə ilə yuxarı dırmaşmağa başladı. Dördüncü mismardan sonra o, budaqlara çatdı və qalxmağa davam etdi. Çox istəyirdi qışqırsın, ağaca çıxdığını desin, amma bunu etməmək qərarına gəldi. Sanki, ağacın başına gəlib çatanacan çoxlu kilometrlər keçdi və bu çox saat çəkdi. Ağacın başına çatanda isə gördü ki, söz silkələyən qız ədyal və buludlara bürünüb yatıb. Çox dəqiqələr ərzində qıza baxdı. Günəş istisi buludlu örtüyü qızdırırdı. Gənc əlini uzanıb qızın dirsəyinə toxundu və o, yuxudan oyandı. Gözlərini ovxaladı və oğlanın üzünə xeyli baxdıqdan sonra danışmağa başladı.
- Bu doğrudan da sənsən?
Mən sənin üzündən, düşünürdü, tum dənəsini götürmüşdüm?
Adam başını yellədi. Onun ürəyi əsdi və budaqlardan daha möhkəm yapışdı.
- Hə, mənəm.
Birlikdə ağacın başında oturmuşdular. Buludların dağılmasını gözləyirdilər, onlar aralanan kimi isə bütün meşəni gördülər.
- Meşə durmadan böyüyür, - qız dedi.
- Amma bu da böyüyür. - Və gənc əlində tutduğu budağa baxdı. Buna şübhə yoxdur.
    Onlar bir-birinə doyunca baxıb danışandan sonra düşməyə başladılar. Ədyal və yemək ehtiyatlarını yuxarıda qoydular. Adamlar gözlərinə inana bilmirdilər, söz silkələyən qızla cavan oğlan ayaqlarını yerə basanda isə ağacda nəhayət balta yarıqları əmələ gəlməyə başladı. Qançırlar. Gövdədə kəsiklər və ətraf titrədi.
- O yıxılır! - cavan qadın qışqırdı. - Ağac aşır! - Haqlı idi. Söz silkələyən qızın ağacı bütün çox kilometrlik boyu ilə yavaş-yavaş əyilməyə başladı. Yer onu çəkirdi və ağac inildəyirdi.
Dünya silkələndi, hər şey sakitləşəndə isə ağac meşənin ortasında uzanıb qalmışdı. Meşəyə onsuz da heç nə ola bilməzdi, amma ən azından onda tamam başqa rəngdə bir cığır açılmışdı. 
     Söz silkələyən qız və cavan oğlan üfüqi gövdənin üstünə çıxdılar. Budaqlardan adlayaraq irəli addımladılar. Geri dönüb baxarkən isə gördülər ki, tamaşa edənlərin çoxu öz yerlərinə dağılışmağa başlayıb. Bəziləri o tərəfə. Bəziləri bu tərəfə. Bütün meşəyə. Amma qabağa getdikcə onlar bir neçə dəfə də dayanıb ətrafa qulaq asdılar. Onlara elə gəlirdi ki, arxadan, söz silkələyən qızın ağacından səslər və sözlər eşidilir.
 

Followers