Monday, December 26, 2011

Robinzon...

Bu yaxınlarda Deniel Kizin "Alcernon üçün güllər" əsərini oxuyurdum, əsərdə Çarli Qordon adlı əqli cəhətdən zəif inkişaf etmiş bir adamın elmi təcrübələr nəticəsində dahiyə çevrilməsindən bəhs olunur. Çarli beynində keçirilən cərrahiyyə əməliyyatından sonra sürətlə oxumağa və ağıllanmağa başlayır. İQ-su 70-dən 185-ə qalxır. Əsərdə bir hissə var, Çarli yeni-yeni ədəbiyyat oxumağa başlayır və onun oxuduğu ilk kitab "Robinzon Kruzo"-dur.

Hələ heç vaxt bu qədər çətin kitab oxumamışdım. Adı Robinzon Kruzodur, kimsəsiz adaya düşən adam haqqındadır. O ağıllıdır və əlindən çox iş gəlir ona görə evi də var, yeməyi də və yaxşı üzə bilir. Amma mənim ona yazığım gəlir çünki o tək qalıb və dostu yoxdu. Ancaq mənə elə gəlir ki adada başqa biri də var çünki kitabda bir şəkil var ki, orada o əlində qəribə çətirlə qumdakı ayaq izlərinə baxır. Ümid edirəm onun dostu olacaq.

Mənim də bu əsəri necə oxuduğum yadıma düşdü. Daha doğrusu necə oxuduğumuz. Atam, anam, bacım və mən uzun qış axşamlarında, odun sobasının yanında oturub, növbə ilə oxuyurduq. Nəyisə anlamayanda atam izah edirdi. Əsər tənhalıq haqqında idi, ancaq biz onu birlikdə oxuyurduq deyə tənhalığı hiss etmirdik.
Onda adama elə qəribə gəlirdi ki, insan tək qalıb, ancaq yaşamaq istəyir, özünə şərait yaradır, xilas olacağına ümid edir, ayları, illəri itirməsin deyə divarda xəttlər çəkir. Və sonda, o qədər gözlədikdən sonra arzusuna çatır.

Çarli kitabı bitirdikdən sonra:

Robinzon Kruzonu qurtardım. Bilmək istəyirdim sonra onun başına nələr gəlib amma miss Kinnian dedi ki burda kitab qurtarır. NİYƏ.

Niyə? Çünki ondan sonra başqa cür tənhalıq başlayır. Əsl tənhalıq, insanlar içində olan, zahirən hiss edilməyən tənhalıq. Cızıqları da divarlarda çəkməyə ehtiyac qalmır, təqvimin var, aylar, illər sürətlə dəyişir, gəlib səni aparacaq gəmi isə üfüqdədir ancaq yaxın gəlmir. Gərək özün üzəsən...

No comments:

Post a Comment

Followers