Monday, February 2, 2015

Tribute to KKO


1

Bu yaxınlarda baxdığım "Liberal arts" adlı filmdə qəhrəmanlar "Alatoranlıq" seriyasını oxuyub müzakirə edirdi. Bu əsnada təxminən belə bir dialoq alınmışdı:

- Bu tarix boyu ingilis dilində yazılmış ən pis əsərdir.
- Demək istəyirsən ki, başqa dildə yazılmış bundan da pis əsərlər ola bilər?
- Yox, çünki, çox güman ki bunu artıq  bütün başqa dillərə tərcümə ediblər.

Əvvəllər heç vaxt azərbaycan dilinə tərcümə olunmuş kitab almazdım, oxumazdım. Bir dəfə hansısa facebook səhifəsində Oruellin "Animal Farm" əsəri haqqında müzakirəni oxuyana qədər. Mənə ən çox onun adının niyə "Heyvanıstan" kimi tərcümə olunması maraqlı gəlmişdi. Əsəri yükləyib oxumağa başladım və Vilayət Quliyevin tərcüməsinə heyran qaldım. 
İkinci dəfə məni heyran edən Vilayət Hacıyevin Remarkın "Zəfər tağı" almancadan tərcüməsi oldu. 
Onda düşündüm ki, əslində bu qədər şikayətləndiyimiz keyfiyyətsiz tərcümələr, keyfiyyətsiz nitqlər dilin çatışmamazlığından deyil, məhz bizim dili lazımınca bilməməyimizdən, sözlərin çoxunu unutduğumuzdan, açıb öz ana dilimizdə yazılan klassik əsərləri oxumamağımızdan irəli gəlir. Yəni səbəb biz və bizim biliksizliyimizdir. 

Nəticə: Dilimizi öyrənək.

2
Lamiyə ilə tanış olandan bəri bir-birimizə kitab veririk, bölüşürük, ad günləri, bayramlarda kitab hədiyyə edirik. Yadımdadır, ilk dəfə o mənə Cek Londonun "Ay vadisi" kitabını gətirmişdi, mən də ona Den Braunun "Yalan nöqtəsi"ni. Onda Lamiyə dedi ki, olar xoşuma gələn hissələri karandaşla qeyd edim, sonda hamısını dəftərə yazandan sonra silərəm. O uşaqlıqdan qeydlərini dəftərlərə yazır. Mən də dedim silmə. Və bu adətə çevrildi. Beləcə bizim çoxlu karandaşlanmış kitablarımız, messengerdə və sms-lərdə çoxlu göndərdiyimiz qeydlərimiz (müzakirələr və gülməli dialoqlar) əmələ gəldi. Məsələn, elə kitablar var ki, onları oxumamışam amma oxumuş kimiyəm çünki Lamiyə oxuyub. ("Norvec meşəsi" Vətən abi və ya Salvador Dalinin gündəliyi :) ) 

Nəticə: Birlikdə oxumaq və öyrənmək gözəldir. 

 3
Səhifəni yaratmaq Lamiyənin ideyası idi. Onun dəftərlərində yığılmış qeydləri, kitablarda xəttlədiyimiz parçaların tərcüməsi ilə başlamaq qərarına gəldik. Bir ildən sonra Orxan kkoword.com saytını hədiyyə etdi. Və o vaxtdan bizim odisseyamız başlandı. Səhifə vasitəsilə çoxlu dostlar qazandıq, yeni insanlar, müəlliflər, kitablar kəşf etdik.

Beş ildir ki, öz aramızda KKO adlandırdığımız layihə hələ də davam edir, hələ də kitablarımızda əlfəcin əvəzinə karandaşdan istifadə edirik, hələ də vaxt tapıb tərcümələr edib paylaşmağa çalışırıq. KKO-un məqsədi də dəyişməyib, göstərmək istəyirik ki, başqa dillərdə yazılmış gözəl sözlər bizim dilimizdə də gözəl ola bilər.

Sevdiyimiz işi həvəsimiz olduqca davam etdirmək niyyətindəyik və ümid edirəm həvəsimiz heç vaxt bitməz. 

Thursday, January 1, 2015

İlin kitabları - 2014

Lamiyə ilə ənənəmizə uyğun olaraq, 2014-də oxuduğum əsərlərdən ən yadda qalanlarını bir sözlə ifadə etməyə çalışdım. 

1. İsmayıl Şıxlı "Dəli Kür" - Patriarxat
İsmayıl Şıxlı cəmiyyətimizdə qadınlara qarşı olan münasibəti açıq-aydın təsvir edib. Onlarla necə gəldi rəftar etmək - qaçırmaq, döymək, məktəbə qoymamaq olar. Onların fikri, istəkləri heç kimə maraqlı deyil. Təəssüf ki, bu cür düşüncəli insanlara, ailələrə hələ də rast gəlmək mümkündür.



2. Frans Kafka "Məhkəmə" - Azərbaycan
Başqa sözə ehtiyac varmı?! Məncə yox.



3. Martin Paj "Mən necə idiot oldum" - Hüzur axtarışı
Bu əsəri mən də, bacım da Volterin "Kandid"-inə bənzətmişdik. Onun qədər istehzalı, maraqlı və ümidsiz idi.




4. Erlend Lu "Qadının hökmranlığı altında" - Arvadağız (подкаблучник)




5. Ayris Merdok "Dəniz, dəniz" - Vudi Allen 
İşindən, diqqətdən bezmiş yaşlı rejissor hamıdan qaçıb dəniz kənarında köhnə, böyük bir evə köçür. Əsər onun memuarları kimi başlayır, get-gedə gündəliyə çevrilir. Oxuduqca qəhrəmanı Vudi Allen kimi təsəvvür edirdim, səbəb qəhrəmanın yumor hissi, şöhrətpərəstliyi və s. idi.



6. Con Steynbek "Qayğılarımızın qışı" -  Pul və ya Seçim
Steynbekin bütün əsərləri gözəldir. 

7. Anna Qavalda "Otuz beş kq ümid" - Holden Kolfild
Lamiyənin tərcüməsində Anna Qavaldanı ilk oxuyan xoşbəxtlər arasındayam. Əsər mənə Selinceri xatırlatmışdı. Elə bil Holdenin uşaqlığını oxuyurdum. Yeri gəlmişkən, kitab bu yaxınlarda nəşr olunub, onu kitab mağazalarından əldə edə bilərsiniz.




8. Nik Hoakin "İki göbəyi olan qadın" - Yuxu
Kitabı oxuduqca adam reallıqla yuxunu qarışdırırdı, kimin yalan kimin doğru danışdığını ayırd edə bilmirdi. Cənub-şərqi Asiya yazıçılarından ilk oxuduğum əsər oldu. "Proqres" adlı kitaba romandan əlavə həm də Hoakinin seçilmiş hekayələri də daxil idi.




9. Culian Barns "Baxış Üçbucağı", "Sevgi və s." - Xudbinlik
Əsərdəki hadisələr iki dost - Oliver, Stüart və Stüartın arvadı Cillianın adından danışılır. Hekəyəyə hərdən başqa personajlar da qoşulur. Culian Barns bu ilki yazıçı kəşflərimdən oldu, çox bəyəndim.

10. Anna Bronte "Aqnes Qrey" - "introvert adamlar" və ya "all by myself mahnısı"


 11. Corc Bernard Şou "Kandida" - seçim
Və ən sevimli qeydim :)












Followers