Friday, October 25, 2013

Və məndən səda gəldi :)

      Xalid Hüseyninin "Və dağlardan səda gəldi" ("And the mountains echoed") əsərini oxuyub qurtardım. Əsərin əsas qəhrəmanları Abdulla və bacısı Pəridir. Onlar Əfqanıstanın kiçik və çox yoxsul bir kəndində yaşayırlar, bir gün ataları onları Kabilə aparır. Və bir-birini hamıdan çox istəyən bacı-qardaş həmişəlik ayrılır. Əsas sujet xətti belədir, lakin əslində kitab doqquz ayrı hissədən ibarətdir. Bu hissələrin hərəsi bir üslubdadır (birinci və üçüncü şəxsin adından, nağıl, məktub və ya müsahibə formasında) və bəzilərinin ümumi sujetlə əlaqəsi yoxdur. Digər iki əsərdəki kimi dili sadə və axıcıdır. Həcmi böyük olmasına baxmayaraq çox sürətlə oxunur. Sonda isə həmişə olduğu kimi kövrəldir. 


Nila Vəhdətini Cənubi Afrikalı şairə İnqrid Yorkerə bənzətdim. Onun həyatı haqqında çəkilmiş "Black butterflies" filminə baxa bilərsiniz.

İlk fəsildə olan Baba Əyyubun nağılını bəyəndim. Markos və Taliadan da xoşum gəldi. Bəyənmədiklərim isə bunlardır:
  • Əsas qəhrəman olan Pəri və Abdullanın xarakterləri çox da açılmayıb. Bütün həyatları nəql olunur amma nə hiss etdiklərini bilmirik.
  • Eqoist personajlar - xüsusilə Masumə və Pərvanə, Nəbi və uşaqların atası Sabur. Heç birinə qarşı simpatiyam yaranmadı və heç birinin etdiyinə haqq qazandıra bilmədim.
  • Sujetdə ikinci dərəcəli qəhrəmanların həyatının daha çox yer tutması və Abdullanın hekayəsinin çox qısa olması.
  • Düzdür müəllifin işinə qarışmağa haqqımız yoxdur, amma əsərdə hərəkət (action) görmək istərdim. İstərdim Abdulla bacısını tapmaq üçün nələrsə etsin, mübarizə aparsın, axtarmağa cəhd eləsin. Bəlkə də axtarıb amma Hüsseyni bizə bu barədə məlumat vermir (oxuyanda nə demək istədiyimi biləcəksiz).
     Bilmirəm sizdə də elə olur ya yox, hər əsəri bitirəndən sonra məndə tamlıq və ya natamamlıq hissi yaranır. Əgər əsərin sujeti və dili gözəldirsə, qəhrəmanlar yaxşı təsvir olunublarsa, kitabı oxuyanda hər şeyi unuduramsa və bitirəndən sonra bir müddət təsirindən çıxmıramsa, deməli "tamlıq effekti" nəzəriyyəm işləyib. Sadaladıqlarımdan biri olmursa, deməli əsərdə nəsə çatışmır. "Və dağlardan səda gəldi" də "Natamam əsərlər" cərgəsinə daxil oldu. 
Çünki gözləntilərim çox idi. Sanki uzun müddət trailer-lərinə baxıb gözlədiyin filmə nəhayət baxırsan, amma film trailer-dəki qədər gözəl çıxmır. 

P.S. Mənimçün birinci yerdə "Min möhtəşəm günəs" qalmağa davam edir, "Və dağlardan səda gəldi"-ni isə oxumağı məsləhət görürəm.

P.P.S. Kitabı azərbaycan dilində oxudum, tərcümə gözəl və keyfiyyətlidir. İngiliscədən çevirən Səbinə Mütəllimovadır. leylekxelife.blogspot.com blogunun müəllifi. Ədəbiyyat, yazıçılar, kino və kitablar haqqında çox yaxşı bir blogdur. İzləyin və faydalanın.

Saturday, September 14, 2013

Böyümədim

Mərhəməti zəiflik bildim,
Axmaqlığı saflıq.
İbadət edəni mələk,
Dinməyəni ağıllı,
Dinləyəni anlayan,
Hürəni it,
Danışanı adam.
Heç böyümədim.

Friday, July 19, 2013

Nahar vaxtı, Mağazalar, Endirimlər və History Channel

Так выглядел универмаг      Yayın ən qaçaqaç vaxtını yaşayırıq. Telefonumuza gələn endirim sms-ləri, vitrinlərdəki nəhəng 50-70% işarələri (yanlarında balaca, gözə çarpmayan "-dək" şəkilçisi), nahar vaxtı qaçıb geyim və ayaqqabılara baxmağımız, ölçü tapılmayanda, çox vaxt tapılmır, "kaş bir az kök olardım" fikirləri, alış-verişimiz uğurlu olanda sevincimiz və s.
     Sadaladıqlarımın tarixinin bir əsrdən çox olmasını bilirdinizmi? Mən bilmirdim. Həftə sonu "History Channel"-də univermaqların tarixi haqqında maraqlı bir film tapmışdıq. Baxdıqca öyrəndim ki, indi istifadə olunan marketinq, PR menecment qaydalarının əksəriyyəti elə onda yaranıb. Demə biz öz şoppinq sevgimizlə XIX əsrin qadınlarından çox da fərlənmirik. "Hayat paylaşınca güzel" deyib bəzi faktları nəzərinizə çatdırıram :)

     Hər şey 1852 ildə başlandı, Aristid Busiko (Aristide Boucicaut) öz xanımı və Vido qardaşları ilə "Le Bon Marche" ("Ucuz mallar") mağazasını idarə etməyə başladılar. Mağaza Parisdə, Sevr küçəsində yerləşirdi, sahəsi isə 100 kv.m. idi. İllik ticarət dövriyyəsi təxminən 450000 frank idi. 1852-1860-cı illər ərzində bu rəqəm 5 milyona çatdı. Vido qardaşları Aristid Busikonun novator ideyalarından ehtiyat edərək işlərdən ayrıldılar. Onda Busiko onlardan öz hissələrini alıb, ticarətdəki inqilabına davam etdi. Möhtəşəm planlarını reallaşdlrmaq üçün Busikoya həm pul, həm də yer lazım idi. Bu vaxt o yaxınlıqda yerləşən boş xəstəxana binasını alıb, onun yerində Parisin ən böyük mağazasını tikməyə başlayır. Binanın inşaatı arxitektor Lui Şarl Bualo və mühəndis Qustav Eyfelyə (həmin Eyfeldir, hələ onda qüllə yox idi) tapşırılır. Tikintidə dəmir kontruksiyalardan istifadə olunur, binanın tavanı isə şüşədən kupol şəklində düzəldilir ki, buna görə mağazanın içi çox işıqlı olur.
novator
В парижском универмаге     
Mağazada hər şey məhz qadınlar üçün düşünülmüşdü. Onları alış-verişə  həvəsləndirmək üçün Busiko çoxlu yeniliklər edir: mağazaya giriş tamamilə sərbəst idi, xanımlar orada ürəkləri istəyən qədər gəzib dolaşa bilərdi. Tarixdə ilk dəfə mallara toxunmağa və geyinib yoxlamağa icazə verilir. Onları nəyisə almağa məcbur etmirdilər, amma hər şey elə düşünülmüşdü ki, adam özünü saxlaya bilməsin. Busiko ilk dəfə malların üzərinə qiymət kağızları vuraraq, sabit qiymətləri əvvəlcədən qeyd etdi, buna kimi müştərilər qiyməti əvvəlcədən bilmirdi və satıcılar bundan istifadə edirdilər  (bizim "Laçın ticarət mərkəzi"-ndə olduğu kimi :) ).

Qadınları mağazaya cəlb etmək üçün, Aristid Busiko əla bir marketinq fəndi işlədir: uşaqlar üçün əyləncələr fikirləşməklə. Məsələn, uşaqlara o vaxt üçün əlçatmaz olan pulsuz hava şarları paylayırdılar, cümə axşamları onlara xüsusi açıqcalar hədiyyə edirdilər.
     Bir dəfə, milad bayramından sonra mağazanı boşalmış görən Busiko bütün ağ rəngli malları (qar və qışın şərəfinə) birinci mərtəbədə bir yerə toplayıb endirimlə satmağı tapşırır - mövsüm endirimləri belə yaranır. Univermaqda bayram mühiti yaradılır ki, bu da müştəriləri cəlb edir.
Aristid Busikonun digər yenilikləri: 
    Торжественное открытие универмага
  • Qiymət artımını 13%-ədək azaldır, ona görə mağazada qiymətlər rəqiblərə baxanda həqiqətən ucuz idi.
  • Alınan əşyaları dəyişmək və ya geri qaytarmaq mümkün idi. "Keyfiyyətə zəmanət" ifadəsi də buradan əmələ gəlib. 
  • İlk dəfə evə çatdırılma xidməti yaradıldı. Həmçinin kataloqlar buraxılmağa başlandı ki, oraya bütün əşyalar daxil olunurdu. İlk kataloq 1871-ci ildə çap edilmişdi.
  • Mağazanın reklamını inkişaf etdirdi. Mətbuatda və kağız bukletlər şəklində reklamlar yaydı.
  • İlk dəfə olaraq, mağazanın işçilərinə müxtəlif sosial imtiyazlar verildi: həftədə bir istirahət günü, tibbi sığorta, pensiya fondu. İşçilərin əksəriyyəti qadın idi. Bu səbəbdən kasıb təbəqədən olan qadınlar unimermaqda işləyərək daha müstəqil oldular.
  • Busiko fikir verdi ki, qadınlar ərləri ilə mağazaya gələndə orada az vaxt keçirirlər, daha az alış-veriş edirlər. Rəfiqələri ilə gələndə isə əksinə. Beləliklə, mağazada kişilərin gözləməsi üçün kitabxana və oxu zalı yaradıldı.
     XX əsrin əvvəllərində fransada qadın hərəkatı başlanarkən qadınların toplaşdığı yer "Le Bon Marche"-in qabağı idi.  Mağaza administrasiyası onlara buklet çap etməyə, qadın hərəkatını təbliğ etməyə kömək edirdi.

     Həmin vaxtlar digər ölkələrdə də univermaqlar açılmışdı, onlar da ticarətə bir çox yeniliklər gətirmişdilər: Nyu Yorkda "Macy's" mağazası (ilk dəfə eyni geyimin müxtəlif ölçüləri, vitrinlərin tərtibatı), Londonda "Selfridge" mağazası (ilk parfumeriya şöbəsi) və s.

P.S. Univermaqlar çox şeyi dəyişdi, ancaq bir şey heç vaxt dəyişməyəcək: Bizim bütün bu marketinq fəndlərinə aldanaraq məmnun qalmağımız.

Monday, June 24, 2013

Şəkidə orfoqrafiya :)

   İndi sizə şəkililərin məktəbdə oxuyarkən qarşılaşdıqları ən böyük problemdən danışacam. İndiyəcən (elə indinin özündə də) neçə-neçə uşaqlar buna görə əziyyət çəkiblər, pis qiymətlər alıblar, neçə-neçə müəllim bu məsələdə şadirglər qədər aciz qalıblar. Söhbət azərbaycan dili müəllimlərindən və yazı dərslərindən gedir. Hamısı da məşhur Şəki ləhcəsi səbəbindən.

       Təsəvvür edin Azərbaycan dili dərsi, imla və inşa yazmaq günüdür, müəllimə bir mətn oxuyur. Tərkibində "ç","k","g" və "c" hərfləri olan sözlər gələn kimi uşaqlar xorla soruşurlar: "Məllim, bu söz necə yazılır?", "Çay" ç-sı yoxsa, "Çitab" ç-sı?" və ya ""Cünəş" c-sı, yoxsa, "canavar", "Cün c-sı yoxsa, cücə" c-sı?" Orientir üçün bütün uşaqlara bu sözlərin yazılışını əzbərlədirdilər. Hamı da bilirdi ki, "çitab" sözü k ilə yazılır, "cücə" c ilə, "cünəş" g ilə. Qalanlarını sual verə-verə yazırdılar. Sizcə sözlərdən orfoqrafiya-səhvi-
kraliçası hansı idi? - "ÇİÇƏK". Bu sözün "kiçək", "çikək", "çikəç" yazılış variantlarına rast gəlmək olardı.

P.S. "Naringi" sözünü nə qədər vaxt "Narıncı" (gözümü açandan elə eşitmişdim) bilirdim. Və daha məntiqli ad hesab edirəm, məncə Şəkili Dədə Qorqud bu sözdə səhv etməyib.

Wednesday, June 5, 2013

Ə.Haqverdiyev yaşasaydı, bir hekayə yazsaydı...

Türkiyədəki hadisələrdən sonra sosial şəbəkələrə münasibət:

- sosial şəbəkələr çoxun çoxa münasibətidir, hamı öz sözünü deyir və başqalarının sözünü eşidir.
- sosial şəbəkələr nə qədər azad ruhlu, kreativ gəncliyimiz olduğunu üzə çıxardı.
- twitterdəki istifadəçilərin əksəriyyəti gənclərdir, özü də ağıllı gənclər. Sosial mediyada dezinformasiya olsa belə, onu özü izolyasiya etməyə qadirdir.
- twitter bir bəladır.

Azərbaycandakı hadisələrdən sonra sosial şəbəkələrə münasibət:

- sosial şəbəkələr insanın vaxtını alır, adamı avara qoyur.
- boşanmaların sayının artmasının əsas səbəblərindən biridir, insanlar həyat yoldaşlarına s.ş. vasitəsilə xəyanət edirlər.
- gəncliyi səhv yola aparır.
- facebook-u bağlamaq lazımdır.

P.S. bunlar bizim və türkiyənin mətbuatında müşahidə etdiyim və yadımda qalanlar idi.



Tuesday, June 4, 2013

Anlamaq istəməyənlər üçün

Bu sadə şeyləri başa düşmək üçün Koşi teoreminin isbatını, DNT-də genlərin kodlarını ya da Azərbaycan ərazisində yaranan dövlətlərin xronologiyasını bilən biri olmaq lazım deyil. 
Bir az obyektiv, özü ilə dürüst və səmimi, bir az məlumatlı və bir az insan olmaq lazımdır. 

Və məcbur edirlər ki, yazasan:
  • Öz hüquqlarını bilmək ayıb deyil;
  • Hüquqlarını tələb etmək demaqoqluq deyil;
  • Dövlət iqtidar demək deyil;
  • Etiraz etmək müxalifətdə olmaq demək deyil;
  • Heç bir din qəddarlığı qəbul etmir;
  • Zorakılıq pisdir və pislənməlidir;
  • Haqsız olanda üzr istəmək nüfuzdan salmır;
  • Haqlı olanda susmaq nüfuzu azaldır.

Tuesday, May 7, 2013

Pir qələbəsi


Hər iki cinsin qocalığının taleyi onların gəncliyinin nəyə sərf edilməsindən asılıdır.  M.B.Stendal "Məhəbbət haqqında" ("De L'Amour")

     Dünən rusların bir tolk-şousunun mövzusu həyatda olan veteranlar idi. Qohumları, tanışları onların təbrik videolarını çəkib efirə göndərmişdilər. Sayları artıq barmaqla sayılacaq qədərdir. Baxdıqlarım içində ən cavanının səksən altı yaşı var idi. 
On - on beş dəqiqə baxa bildim, sonra dözmədim: hamısının gözlərindəki dərin kədərə; müharibə haqqında dünən olubmuş kimi danışanda "За Сталина!" deməklərinə; veteranlar evinə atılmış yaşlı qadının dərdli-dərdli ağlamasına və onu unutmuş övladlarından şikayət etməsinə; bir səksən doqquz yaşlı babanın öz əyyaş oğluna qulluq etməsinə və iyirmi beş il daxmada yaşayandan sonra nəhayət təzə evinə köçməsinə; metroda dilənçilik edən nənəyə; başqa bir qadının iki gün qabaq ərinin medallarını oğurlayanlardan onları geri istəməsinə. Sonda da təbrik edirdilər, vətəni sevməyi və qorumağı tövsiyyə edirdilər. Heç birini xoşbəxt görmədim. Demək qazandıqları qələbə Pir qələbəsi imiş.

Followers